“Əgər bir milləti məhv etmək istəyirsənsə, onun təhsilini çökdür.”
Bu cümlə təkrarlana-təkrarlana klişeyə çevrilib. Amma diqqətlə baxsan, bir millətin taleyini bu qədər dəqiq izah edən ikinci bir fikir tapmaq çətindir.
Bəli, təhsil – bu sadəcə məktəb partasından baxan şagird, ya da imtahanlara hazırlaşan abituriyent deyil. Təhsil – cəmiyyətin damarlarında axan qan, nəfəsindəki gələcəkdir. Biz bu gün nə öyrədiriksə, sabah o cəmiyyətlə qarşılaşacağıq.
Məktəb təkcə bilik yeri deyil
Biz çox zaman məktəbi yalnız fənn öyrədən bir yer kimi görürük. Riyaziyyat, kimya, tarix, coğrafiya… Bunlar vacibdir, bəli. Amma məktəb təkcə bilik yox, həm də insan formalaşdırmalıdır.
Məktəb öyrətməlidir ki, uduzmaq ayıb deyil – təslim olmaq ayıbdır. Müəllim göstərməlidir ki, rəqəmləri bilmək qədər, dəyərləri bilmək də önəmlidir. Uşaqlar bilməlidirlər ki, həyat testlərdən ibarət deyil – və bəzən cavabı olmayan suallar qarşısında da möhkəm dayanmaq gərəkdir.
Təhsildə “robot” yetişdirmə dövrü bitməlidir
Biz bu gün sanki yarışdayıq – kim daha çox bal topladı, kim daha yüksək universitetə daxil oldu, kim daha çox əzbərlədi… Amma sual budur: bu əzbərlənənlər sabahki həyatda həmin uşaqlara yol göstərə biləcəkmi?
Çox təəssüf ki, bizim təhsil sistemimiz hələ də “əzbərçi” yanaşmanı prioritet sayır. Amma XXI əsr uşaqları əzbəri yox, təfəkkürü öyrənməlidir. Onlara hazır cavabları yox, doğru sualları verməyi öyrətməliyik. Çünki gələcəyin uğurlu insanı o olacaq ki, problemin içində həll axtarmağı bacarsın.
Müəllim – sadəcə dərs deyən yox, yön göstərən olmalıdır
Müəllimlik – fədakarlıq sənətidir. Təəssüf ki, bu gün müəllimlərə cəmiyyətin münasibəti, onların sosial statusu və rifahı istənilən səviyyədə deyil. Halbuki müəllim dediyin bir şamdır – özü yanır ki, başqasına işıq versin.
Bir müəllimin bir uşağın taleyini dəyişmək gücü var. Hətta bir millətin… Amma bu gücün ortaya çıxması üçün müəllimə güvənmək, onu maddi-mənəvi baxımdan dəstəkləmək lazımdır. Müəllimin qəhrəman kimi yox, normal həyat şəraiti olan bir insan kimi yaşamasına ehtiyac var.
Valideynin rolu: Təhsili məktəbə yükləmək olmaz
Valideynlər bəzən düşünür ki, uşağın təhsili təkcə məktəbin işidir. Amma bu, belə deyil. Məktəb təhsilin bir hissəsidir, əsası isə ailədə qoyulur. Uşağın ilk müəllimi valideynidir – onun əxlaqını, davranışını, dünyagörüşünü ilk formalaşdıran ailədir.
Evində kitab olmayan, evində sorğu-sual olmayan, evində ünsiyyət olmayan bir uşaq məktəbdən necə yaradıcı çıxa bilər?
Uşağın dərs qiymətindən çox, xarakterinə diqqət yetirək. Onun cəmiyyətdə kim olacağına maraq göstərək – təkcə həkim, mühəndis yox, vicdanlı insan yetişdirək.
Ali məktəblər və “diplom uğrunda yarış”
Bu gün ali təhsil bir çox ailə üçün məqsəd yox, status məsələsinə çevrilib. “Oğlum filan universitetdə oxuyur”, “Qızım bakalavrı bitirdi” – bəli, bunlar qürurvericidir, amma sual budur: həmin gənc həqiqətən nə öyrəndi? O diplom nə ifadə edir?
Əgər ali məktəb gəncə təkcə kağız parçası yox, peşə, bacarıq, dünyagörüş verə bilmirsə, o zaman diplomun nə dəyəri var?
Biz təhsili “adi mərhələ” olaraq deyil, həyat üçün hazırlaşma mərhələsi kimi dərk etməliyik.
Rəqəmsal dövrdə təhsil – imkanlar və təhlükələr
Texnologiya təhsildə yeni üfüqlər açdı. Onlayn dərslər, süni intellekt, virtual siniflər bunlar böyük fürsətdir. Amma bu fürsət, doğru istifadə edilməzsə, fəlakətə də çevrilə bilər.
Uşaqlar informasiya dənizində üzür, amma üzgüçülük bacarığı olmadan. İnternetdə hər şey var yaxşısı da, zərərli olanı da. Təhsil sistemi bu “informasiya xaosunda” uşaqlara seçmək bacarığı öyrətməlidir. Bu isə təkcə texnologiya deyil, tərbiyə və analitik düşüncə tələb edir.
Təhsil – təkcə gələcək üçün deyil, bu gün üçün də vacibdir
Təhsil deyəndə bəzən onu uzaq bir “gələcək” kimi təsəvvür edirik. Amma təhsil bu günümüzdür. Bu gün məktəbə gedən bir uşaq, sabah hakim, mühəndis, müəllim, jurnalist olacaq – ya da cinayətkar. Hər şey bu gün ona nə verdiyimizdən asılıdır.
Unutmayaq: hər bir sinif otağı gələcəyin laboratoriyasıdır. Hər bir uşaq – cəmiyyətin layihəsidir. Əgər bu layihə düzgün qurulmazsa, sabahki cəmiyyətimiz də səhv inşa ediləcək.
Həsən Məmmədov
Paraqraf.com-un baş redaktoru
![]()
