İosif Stalin… Bu ad təkcə bir insanın deyil, bir epoxanın adıdır. Onun adı çəkiləndə bir tərəfdə qələbə ilə başı ucalan bir xalq, o biri tərəfdə isə gecə yarısı qapısı döyülən milyonlarla insan göz önünə gəlir. Qorxu ilə güc, tiranlıqla nizam, diktatura ilə intizam – Stalin fenomenini anlamaq istəyən hər kəs bu paradoksların içindən keçməlidir.
Tbilisidən Kremlə uzanan yol
Stalin yəni İosif Vissarionoviç Cuqaşvili Gürcüstanın kiçik bir şəhərindən çıxıb dünya tarixini dəyişən adamlardan biri oldu. Gəncliyində keşiş olmaq üçün seminariyaya yazılan bu adam necə oldu ki, sonradan milyonlarla insanın taleyinə hökm edən bir diktatora çevrildi?
Siyasi mübarizələr, çevrilişlər, qaranlıq yollar və ehtiraslı hakimiyyət savaşı Stalin bu yolların hamısından keçdi. Lenin öləndə çoxları onun yerinə Trotskinin keçəcəyini gözləyirdi. Amma Kremlin qaranlıq dəhlizlərində səssizcə irəliləyən Stalin öz “oyun qaydaları” ilə gəldi rəqiblərini bir-bir aradan götürərək Sovet İmperiyasının sükanı arxasına keçdi.
İnkişafın bədəli – aclıq və ölüm
Stalin SSRİ-ni geridə qalmış aqrar ölkədən sənayeləşmiş gücə çevirdi. Ancaq bu inkişaf hansı qiymətə başa gəldi?
1930-cu illərdə həyata keçirilən kollektivləşmə siyasəti kəndləri ağlatdı. Torpaqlar əlindən alınan milyonlarla kəndli “xalq düşməni” damğası ilə Sibirə sürgün edildi, yaxud acından öldü. Ukraynada baş verən “Qolodomor” isə tarixə bir millətin süni şəkildə aclıqla cəzalandırılması kimi düşdü. Uşaqlar aclıqdan nəfəs verəndə, zavodların bacaları tüstüləyirdi.
Qorxu hakimiyyəti
Stalinin qurduğu sistemdə təkcə səhv danışmaq yox, səhv düşünmək belə cinayət idi. 1936–1938-ci illər arası SSRİ-də “Böyük Təmizlik” adı ilə aparılan kütləvi repressiyalar zamanı yazıçıdan generala, elm adamından sadə vətəndaşa qədər hamı hədəfə çevrildi.
Qapılar gecələr döyülürdü. İnsanlar yatmırdı, çünki bilirdilər ki, NKVD məmurları gəlib “xalq düşməni” ittihamı ilə onları aparacaq. Bir ata gecə gedirdi, səhər oğlu yoxa çıxırdı. Arvad ərini, uşaq atasını tanımazdan gəlirdi – çünki qorxu sağ qalmaq üçün tək yoldur.
Müharibənin odunda bərkimiş lider

1941-ci ildə Hitler SSRİ-yə hücum etdi. Müharibənin ilk günləri Stalin üçün ağır sınaq oldu. Bir neçə gün sadəcə susdu. Amma sonra o, xalqın qarşısına çıxaraq məşhur çıxışını etdi: “Qardaşlar və bacılar…” – bu sözlərlə SSRİ xalqını mübarizəyə səslədi.
Stalinqrad döyüşü, Berlinin alınması və nəhayət Böyük Qələbə – Stalin SSRİ-ni İkinci Dünya Müharibəsindən qalib çıxardı və onu supergüclərdən birinə çevirdi. Amma bu qələbənin də bədəli az deyildi – 20 milyondan çox insan həyatını itirdi.
İrs: Abidə, yoxsa xəbərdarlıq?
Stalin 1953-cü ildə vəfat etdi. Ölümündən sonra Xruşşov onun siyasətini tənqid etdi, abidələri söküldü, kitablar yandırıldı. Amma tarixdən silinmədi – çünki Stalin sadəcə keçmişin bir hissəsi deyil, bu gün də bir çox cəmiyyətlərdə müzakirə mövzusudur.
Bəziləri onu güclü lider, nizam-intizamın simvolu kimi görür. Digərləri isə onu yüz minlərlə ailəni dağıdan qəddar diktator adlandırır. Stalin bir sualdır – cavabı hələ də tapılmayan, hər nəsildə yenidən soruşulan sual…
Sonda: Tarixin “dəmir kişi”si
Stalin tarixdə nə azadlıq simvolu, nə də sadəcə qatil idi. O, tarixin diqtə etdiyi çətin dövrün məhsulu idi. Onun haqqında danışarkən biz təkcə bir insanı yox, bütöv bir dövrü mühakimə edirik.
Qorxunun da lideri ola bilər. Amma tarix göstərdi ki, qorxu ilə qurulan imperiyalar nə qədər böyük olsa da, gec-tez dağılır.
Həsən Məmmədov
Paraqraf.com
![]()
