Vətən yolunda canından keçən igidlərimizin əziz xatirəsi heç vaxt unudulmaz, nə də unudulmağa layiqdir. Onların qəhrəmanlığı bu xalqın yaddaşında əbədi iz qoyub. Məhz bu əbədi izlərin işığında, şəhid ailələrinin qarşısında mənəvi borcumuzu xatırladan daha bir təşəbbüs həyata keçirildi.
25–26 sentyabr tarixlərində bir qrup şəhid ailəsinin Naftalan şəhərinə xüsusi səfər və tədbir təşkil olundu. İki gün davam edən bu səfər, həm istirahət və müalicə, həm də mənəvi yenilənmə ilə yadda qaldı. Səfər çərçivəsində şəhid ailələri Naftalan Müalicə Mərkəzində tibbi xidmətlərdən yararlandılar, şəhərin tarixi və mədəni abidələrini ziyarət etdilər, yerli sakinlərlə səmimi görüşlər keçirdilər.
Bu humanist təşəbbüs Təbiyyət və Cəmiyyət ictimai birliyinin icraçı direktoru və “Paraqraf.com”un təsisçisi Türkanə Səfərova və “Şəhid Ailələrinə Qayğı” Cəmiyyətinin Xəzər rayon sədri Şükufə Səfərovanın təşkilatçılığı ilə reallaşdı. Layihənin məqsədi şəhid ailələrinin sosial və psixoloji rifahına dəstək olmaq, onların mənəvi rahatlığını təmin etmək idi. Təşkilatçılar bildiriblər ki, bu kimi tədbirlər sadəcə bir səfər yox, həm də ruhu dinləndirən və cəmiyyətin birliyini möhkəmləndirən təşəbbüslərdir.
Görüş çərçivəsində Naftalan şəhərinin rəhbər nümayəndələri ilə rəsmi görüş də baş tutdu. Görüşdə şəhid ailələrinin istəkləri, təklifləri dinlənildi, onlara göstərilən dövlət qayğısından və cəmiyyətin dəstəyindən danışıldı.
İlqar Hüseynovun yüksək qonaqpərvərliyi nümunə oldu
Şəhid ailələrinin Naftalan səfərinin uğurlu keçməsində xüsusi rolu olan şəxslərdən biri də **Naftalan Müalicə Mərkəzinin direktoru Hüseynov İlqar Nəsrəddin oğlu oldu. Səfərin ilk anlarından etibarən şəhid ailələrini şəxsən qarşılayan İlqar bəy, onların rahatlığı, ehtiyacları və müalicə prosesləri ilə yaxından maraqlandı. Onun səmimi münasibəti, göstərdiyi diqqət və operativ təşkilatçılığı, ailələr tərəfindən böyük rəğbətlə qarşılandı.
İlqar Hüseynov yalnız bir rəhbər kimi deyil, eyni zamanda bir vətəndaş kimi şəhid ailələrinə dərin ehtiram göstərdi. O, ailələrlə şəxsən söhbətlər apardı, onların duyğularını paylaşdı, xatirələrini dinlədi və bu səfərin mənəvi dəyərini hər kəsə hiss etdirdi. Bu münasibət təkcə qonaqpərvərlik deyil, həm də şəhid ailələrinə göstərilən sayğının, hörmətin bir nümunəsi idi.
Tədbirdə Simarə Süleymanov da iştirak edərək şəhid ailələrinə olan dəstəyini ifadə etdi. Görüşün təşkilində Təhməzov Oqtay Səməd oğlu, müharibə veteranları Əmirxanov Qabil Mail oğlu və Əmirxanov Ağahüseyn Rəşid oğlu da böyük əziyyət çəkib, prosesin hər mərhələsində yaxından iştirak ediblər.

Şəhid ailələri bu səfəri təkcə fiziki istirahət kimi yox, mənəvi güc, mənəvi təskinlik kimi qiymətləndirdilər. Onlar bu cür tədbirlərin davamlı olmasını və digər bölgələrdə də təşkil edilməsini arzuladıqlarını bildirdilər.
Təşkilatçılar vurğuladılar ki, şəhid ailələrinə dəstək göstərmək təkcə borc deyil, həm də cəmiyyətin birliyini qorumağın əsas yollarından biridir. Onların sözlərinə görə, bu cür səfərlər gələcəkdə daha geniş miqyasda və daha çox ailəni əhatə edəcək şəkildə davam etdiriləcək.

Sənan İmanov
Paraqraf.com
![]()
