ABŞ prezidenti Donald Tramp Ağ Evdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə bildirib ki, o, türk lideri ilə “çoxdan dostdur”. Trampın sözlərinə görə, prezident Ərdoğan “ölkəsində, bütün Avropada və dünyada böyük hörmət qazanıb”.
Paraqraf.com xəbər verir ki, bu barədə Anadolu yazıb.
Tramp əlavə edib ki, prezident Ərdoğan “möhtəşəm ordu yaradıb və onu Ağ Evdə qəbul etmək bizim üçün böyük şərəfdir”.
ABŞ prezidenti həmçinin bildirib ki, o, BMT-də prezident Ərdoğan və digər liderlərlə Qəzza məsələsinə dair çox yaxşı görüş keçirib: “Düşünürəm ki, biz razılaşmaya yaxınlaşırıq”.
Tramp qeyd edib ki, Türkiyənin Rusiyadan neft almasını dayandırmasında israr edir.
“Bizim müharibə və ticarət sahəsində əla münasibətlərimiz var. Mən istəyərdim ki, o (Ərdoğan) Ukraynaya qarşı hərəkətləri davam edən Rusiyadan neft almağı dayandırsın”, – ABŞ prezidenti vurğulayıb.
O əlavə edib ki, Rusiya–Ukrayna müharibəsi davam etdikcə bu alışlar bərpa olunmamalıdır.
Tramp xatırladıb ki, Rusiya iqtisadiyyatı Ukraynaya qarşı müharibəyə görə çətinliklər yaşayır:
“Bu, insan həyatının boşuna itkisidir, ona görə də o dayanmalıdır. Putin dayanmalıdır”, – deyə Ağ Evin rəhbəri bildirib və yenidən vurğulayıb: “Mən Putindən çox məyusam”.
ABŞ prezidenti bildirib ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ukraynadakı müharibənin dayandırılmasına ciddi təsir göstərə bilər:
“Düşünürəm ki, o (Ərdoğan) indi istəsə, böyük təsir göstərə bilər. Hazırda o, çox neytraldır. Neytral olmağı xoşlayır. Mənim də neytral olmağım xoşuma gəlir. Amma edə biləcəyi ən yaxşı şey Rusiyadan neft və qaz almamaqdır”, – deyə Tramp Ankaranın mövqeyi ilə bağlı suala cavab verib.
Amerikalı lider Türkiyə prezidentini sərt siyasətçi adlandırıb, eyni zamanda münasibətlərinin müsbət olduğunu vurğulayıb:
“O (Türkiyə prezidenti) güclü insandır. O, özünə inamlıdır. Mən adətən özündən razı insanları sevmirəm. Amma onu həmişə bəyənmişəm. O, çox hörmətli insandır. Ona bütün dünyada hörmət edirlər”.
Tramp həmçinin bəyan edib ki, Ağ Evdə Ərdoğanla görüşü uğurla başa çatsa, o, Türkiyəyə qarşı sanksiyaları “dərhal” ləğv etməyə hazırdır:
“Bu, çox tez baş verə bilər: əgər yaxşı görüşümüz olsa, demək olar ki, dərhal”.
Türkiyə prezidenti bildirib ki, bu gün ABŞ prezidenti ilə görüşdə onlar geniş mövzular ətrafında müzakirə aparacaqlar. Xüsusilə, tərəflər Türkiyə üçün F-16 və F-35 qırıcılarının alınması barədə razılaşmağı planlaşdırırlar.
Tramp isə əlavə edib ki, mövzular arasında Patriot zenit-raket kompleksləri və digər silahların alınması da var. ABŞ prezidenti qeyd edib ki, mümkün alışlarla bağlı qərarlar günün sonunda qəbul oluna bilər.
“Həm Putin, həm də Zelenski Prezident Ərdoğana böyük hörmət edir. Hamı Ərdoğana hörmət edir. Mən də. Prezident Ərdoğan Suriyada əvvəlki rejimin devrilməsində uğura cavabdeh olan şəxsdir. Mən sanksiyaları (Suriyadan) götürdüm. Ərdoğan qələbəyə görə məsuliyyət daşıyırdı. Bu, Türkiyənin qələbəsi idi, mən sanksiyaları Ərdoğanın xahişi ilə aradan qaldırdım”, – Tramp bildirib.
Daha sonra liderlər ikilikdə danışıqlar aparmaq üçün Oval ofisə yollanıblar.
19:41
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla danışıqlar aparmaq üçün Ağ Evə gəlib.
ABŞ prezidenti türk liderini Ağ Evin qarşısında şəxsən qarşılayıb. Türk mediasının yazdığına görə, görüş Oval ofisdə keçiriləcək və mətbuat üçün qapalı olacaq.
Xatırladaq ki, iki dövlət başçısı sonuncu dəfə bu ilin iyununda NATO sammitində görüşmüşdülər.
Türkanə Səfərova, Paraqraf.com
![]()
