Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunmuş sülh razılaşmaları bütün dünya üçün müsbət hadisədir.
Paraqraf.com xəbər verir ki, bunu bu gün BMT Baş katibi Antonio Quterreş BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bildirib.
Baş katib bütün dünyada, o cümlədən Qəzza sektorunda məskunlaşma ekspansiyası, zorakılıq və ilhaq təhlükəsi də daxil olmaqla, davam edən silahlı münaqişələrə son qoymağa çağırıb.
“Dünyanın hər yerində — Haitidən Yəmənə, Myanmadan Sahel bölgəsinə qədər biz beynəlxalq hüquqa əsaslanan sülh yolunu seçməliyik. Keçən il ümid işartıları yarandı: məsələn, Kamboca ilə Tailand arasında atəşkəs və ABŞ vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşma. Amma çoxsaylı böhranlar hələ də nəzarətsiz qalır”, — deyə baş katib vurğulayıb.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev 7–8 avqust tarixlərində Vaşinqtonda səfərdə olub. Səfər çərçivəsində Azərbaycan və Ermənistan liderləri ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə birgə bəyannamə imzalayıblar. Bundan əlavə, hər iki ölkənin xarici işlər nazirləri üç ölkə liderlərinin iştirakı ilə Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişi paraflayıblar.
Türkanə Səfərova, Paraqraf.com
![]()
