Ukrayna və Azərbaycan aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Ukrayna və Azərbaycan aqrar sahədə əməkdaşlığın genişləndirilməsində, iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasında, Azərbaycan investisiyalarının Ukrayna aqrosektoruna cəlb edilməsində və yeni ticarət imkanlarının inkişaf etdirilməsində maraqlıdır.
Paraqraf.com-un məlumatına görə, bu barədə Ukrayna aqrar siyasət və ərzaq naziri Taras Vısotski ilə Azərbaycanın Ukraynada səfiri Seymur Mərdəliyev arasında keçirilən görüş zamanı bildirilib.
Qeyd olunub ki, tərəflər ikitərəfli ticarət həcmlərinin müharibədən əvvəlki səviyyəyə – ildə təxminən 1 mlrd. dollara qaytarılmasının zəruriliyini müzakirə ediblər. Azərbaycan tərəfi bu məqsədə nail olunmasında aqrar sektorun əsas rollardan birini oynaya biləcəyini vurğulayıb.
Həmçinin Azərbaycan nümayəndələri Ukrayna aqrar məhsullarının təkcə birbaşa Azərbaycan bazarına deyil, həm də daha sonra Mərkəzi Asiya və Yaxın Şərq ölkələrinə tədarükünün genişləndirilməsi üçün ölkənin logistik imkanlarından daha fəal istifadə edilməsi təklif olunub.
T.Vısotski Ukraynanın bu imkanların praktiki inkişafında maraqlı olduğunu vurğulayıb: “Biz Azərbaycan tərəfi ilə birlikdə belə layihələr üzərində əməli işləməyə hazırıq”.
Görüş zamanı həmçinin noyabrın sonunda keçirilməsi planlaşdırılan İqtisadi əməkdaşlıq məsələləri üzrə Azərbaycan-Ukrayna hökumətlərarası birgə komissiyasının növbəti iclasının hazırlanması müzakirə edilib.
Azərbaycan tərəfi bu platformadan iki ölkənin şirkətləri arasında ayrı-ayrı sahə istiqamətləri üzrə B2B görüşlərinin keçirilməsi, həmçinin potensial investisiya layihələri ilə tanışlıq üçün Ukrayna regionlarına səfərlərin təşkili üçün yararlanmağı təklif edib.
Paraqraf.com
![]()