Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Səkinə Avşar: “Seçdiyiniz sahədə gözünüzün içi parıldayırsa, həmin sahə üçün yaradılmısınız”
MANŞETMÜSAHİBƏ

Səkinə Avşar: “Seçdiyiniz sahədə gözünüzün içi parıldayırsa, həmin sahə üçün yaradılmısınız”

02 Sentyabr 2026
PAYLAŞIN:

Təhsil, yaradıcılıq və elmi fəaliyyətini bir istiqamətdə birləşdirən gənc mütəxəssis Səkinə Avşarın uğur hekayəsi məktəb illərindən başlayır. Bədii qiraət üzrə qazandığı qızıl medaldan beynəlxalq sertifikatlara, elmi məqaləsinin xaricdə dərc olunmasından Almaniyanın nüfuzlu Leipzig Universitetində uşaq inkişafı və erkən müdaxilə üzrə təhsilinə qədər uzanan bu yol ardıcıl zəhmət, məqsədyönlülük və öyrənmək həvəsi ilə müşayiət olunub.

İki hekayə kitabının müəllifi olan Səkinə Avşar eyni zamanda müasir tədris metodları, media savadlılığı, uşaq inkişafı və inklüziv təhsil istiqamətlərində araşdırmalar aparır. Onun fikrincə, uğurun əsas şərtlərindən biri insanın seçdiyi sahəyə olan sevgisi və daim öz üzərində çalışmasıdır.

Səkinə Avşar müsahibəmizdə təhsil yolundan, yazıçılığa marağından, beynəlxalq təcrübəsindən, uşaq inkişafı və inklüziv təhsil sahəsinə yönəlməsindən, həmçinin gənclərə tövsiyələrindən Paraqraf.com-a danışıb.

– Səkinə xanım, təhsil həyatınız kifayət qədər zəngin və uğurlu olub. Bu yolun sizin üçün ən mühüm dönüş nöqtəsi hansı olub?

– Təhsil həyatımı zəngin və uğurlu adlandırdığınız üçün sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm. Bu yolda bir sıra dönüş nöqtələri olsa da, zənnimcə, ən mühüm dönüş nöqtəsi Təhsil Nazirliyinin və Milli Olimpiya Komitəsinin təşkil etdiyi bədii qiraət nominasiyası üzrə müsabiqədə birinci yerə və qızıl medala layiq görülməyim olub. Düşünürəm ki, bu uğur həyatımda qazandığım bir sıra növbəti təhsil nailiyyətlərinə də yol açıb.

– Hələ məktəb illərindən ədəbiyyata maraq göstərərək iki hekayə kitabı yazmısınız. Yazıçılığa olan marağınız necə yarandı və bu gün yenidən kitab yazmaq istəyərdinizmi?

– Yazmaq və yaradıcılıqla məşğul olmaq kiçik yaşlardan ruhumun qidası olub və bu ənənə bu gün də davam edir. Bu marağıma dəstək olan, kitablarımın nəşr olunmasına təşəbbüs göstərən və mənim əsas motivasiya mənbələrimdən biri olan şəxs Bakı Dövlət Universitetinin kimya üzrə professoru, babam Fuad Sadıqov olub.

Hələ 6-cı sinifdə oxuyarkən həyəcanla yazdıqlarımı babam dinləyib və buna çox sevinib. Bu heyranlığını isə doğum günümdə kitablarımı nəşr etdirərək mənə sürpriz etməklə göstərib. Təbii ki, yenidən kitab yazmaq barədə ideyalarım var. Düşünürəm ki, yaxın zamanda yeni kitabım da işıq üzü görəcək.

– İngilis dili müəllimliyi üzrə təhsil almısınız və beynəlxalq sertifikatlar əldə etmisiniz. Sizcə, yaxşı xarici dil müəllimini fərqləndirən əsas xüsusiyyət nədir?

Bu suala təkcə xarici dil müəllimi kimi deyil, ziyalı ailədə böyümüş, müəllimliyi bütün ruhu ilə sevən və sevdirən bir şəxs kimi cavab vermək istərdim. Düşünürəm ki, əgər seçdiyiniz sahədə gözünüzün içi parıldayırsa, deməli, həmin sahə üçün yaradılmısınız. Bu istək o qədər yüksək səviyyədə olmalıdır ki, sərhədlərə sığmayasınız.

Yalnız universitetə qəbul olmaq ixtisas üzrə peşəkar olmaq demək deyil, xüsusilə də bu qədər rəqabətli dövrdə. İnsan özünü maksimum inkişaf etdirməli, beynəlxalq layihələrə qoşulmalı, dil biliklərini dərinləşdirməli və onu fərqləndirən fərdi metodları beynəlxalq təcrübə standartlarına uyğun şəkildə dərslərində tətbiq etməlidir.

– IELTS-dən 7.5 bal toplamısınız. Xarici dil öyrənən gənclərə ən effektiv nəticəni əldə etmək üçün hansı tövsiyələri verərdiniz?

Düşünürəm ki, xarici dili mənimsəməyin ən effektiv üsulu həmin dilə mümkün qədər çox məruz qalmaqdır. Öyrənmək istədiyiniz dili maksimum dərəcədə həyatınızın mərkəzinə qoymalısınız. Ən əsası isə davamlı məşğul olmaqdır.

Bu gün internet resursları bizə kifayət qədər geniş imkanlar yaradır. Öyrənmək istədiyimiz dildə dinləmə, oxu, yazı və danışıq bacarıqlarını inkişaf etdirən mənbələrdən geniş şəkildə bəhrələnə bilərik. Yetər ki, istəyimiz, davamlılığımız və konkret hədəfimiz olsun.

– Azərbaycan və Böyük Britaniyanın təhsil sistemlərini yaxından müqayisə etmək imkanınız olub. Sizcə, Azərbaycan təhsilində hansı xarici təcrübələrdən daha çox yararlanmaq olar?

– Düşünürəm ki, bu gün Azərbaycan təhsil sistemi xarici təhsil modellərindən və təcrübələrindən kifayət qədər yararlanmaq niyyətindədir və bu istiqamətdə real addımların atılması olduqca sevindirici haldır.

Təhsilin tələbəyönümlü modelə keçidi, müəllimlərin inkişaf seminarlarında iştirakı, tələbələrin semestr sonunda tələb və təkliflərinin öyrənilməsi üçün sorğuların keçirilməsi, interaktiv tədris metodlarından istifadə kimi yanaşmalar bizi, gəncləri sevindirir. Bununla yanaşı, sadaladığım sahələrdə hələ də inkişafa ehtiyac var və düşünürəm ki, bu da təbii prosesdir.

– Hazırda Leipzig Universitetində “Child Development and Intervention” istiqamətində təhsil alırsınız. Uşaq inkişafı və erkən müdaxilə sahəsini seçməyinizə nə səbəb oldu?

Ölkəmizdə inklüziv təhsilə artan maraq və bu sahədə peşəkar kadrlara olan ehtiyac məndə “Uşaq inkişafı və erkən müdaxilə” proqramını seçmək fikrini formalaşdırdı. Bu sahəni böyük maraqla seçdim və bu gün də düşünürəm ki, yaxşı ki, məhz bu istiqaməti seçmişəm.

İnanıram ki, bu sahədə ixtisaslaşaraq ölkəmə, cəmiyyətə və ailəmə faydalı bir vətəndaş ola bilərəm.

– Media savadlılığı, uşaq inkişafı və müasir tədris metodları maraq dairənizdədir. Süni intellekt və sosial medianın uşaqların təhsilinə və inkişafına təsirini necə qiymətləndirirsiniz?

Təbii ki, süni intellektin və sosial medianın bugünkü həyatımıza dərin təsiri qaçılmazdır. Uşaqların təhsil və inkişafına gəldikdə isə bunun həm müsbət, həm də mənfi tərəflərini qeyd etmək lazımdır.

Müsbət cəhətlərə texnologiya sahəsində savadlılığın artması, faydalı məlumatların asan və əlçatan şəkildə əldə edilməsi və dünyagörüşünün genişlənməsi daxildir. Mənfi tərəflərə isə yanlış məlumatların yayılması, ekran qarşısında həddindən artıq vaxt keçirilməsi, psixoloji gərginlik və oturaq həyat tərzinə keçid nəticəsində yarana biləcək koqnitiv və bioloji inkişaf problemləri aid edilə bilər.

Bu səbəbdən texnologiyadan maksimum dərəcədə ehtiyatlı və nəzarət çərçivəsində istifadə etmək vacibdir.

– Gələcək planlarınız nələrdir? Özünüzü daha çox alim-tədqiqatçı, müəllim, yoxsa təhsil sahəsində yeni layihələrə imza atan bir mütəxəssis kimi görürsünüz?

– Gələcək planlarımın və arzularımın miqyası çox genişdir. Özümü hərtərəfli inkişaf etdirməyə və maksimum dərəcədə faydalı olmağa köklənmişəm. Həm alim-tədqiqatçı, həm müəllim, həm də yeniliklərə imza atan layihələr üzrə mütəxəssis olmaq istəyirəm. Niyə də yox? Dövr hərtərəfli bilik və bacarıqlara sahib olmağı tələb edir axı…

– Sonda, bu müsahibəni oxuyan gənclərə, xüsusilə təhsil və özünüinkişaf yolunda olanlara nə demək istərdiniz?

– Əvvəla, sizə müsahibə üçün dəyərli zamanınızı ayırdığınız üçün öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Təhsil sahəsində olan şəxslərə isə demək istəyirəm ki, arzularınızın dalınca getməyin, qaçın. Özünüzü xoşbəxt hiss etdiyiniz, sizi həyəcanlandıran və sizi siz edən dəyərlər uğrunda çalışmaqdan əsla çəkinməyin.

Unutmayın, insan arzuları qədərdir. Hər bir uğur çox istəməkdən, hədəfləriniz uğrunda mübarizə aparmaqdan və onları həyata keçirmək cəsarətindən başlayır.

Bütün həmkarlarıma, gənclərə və özünü inkişaf etdirən hər kəsə uğurlar arzulayıram. Bu müsahibəni oxuyan hər kəsə isə təşəkkürümü bildirirəm.

 

Həsən

Paraqraf.com

Loading

Author

admin

Follow Me
Other Articles
Previous

“Müstəqillik Bəyannaməsi – 35” adlı tədbir keçirilib – FOTOLAR

Next

Ürək sağlamlığı üçün faydalı 11 meyvə – Kardioloq tövsiyə etdi

Copyright 2026— Praqraf.com. All rights reserved