ABŞ səfirliyi: Strateji Tərəfdaşlıq Xartiyası Bakı və Vaşinqtonun iqtisadi əməkdaşlığını genişləndirəcək
ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyası iqtisadi inkişaf, investisiya və humanitar əlaqələr sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əsas yaradacaq.
Paraqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin sosial şəbəkələrdəki paylaşımında bildirilib.
ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Xartiyanı və ikitərəfli tərəfdaşlığın fəallaşdırılmasını müzakirə ediblər.
Tərəflər, həmçinin regionun inkişaf perspektivlərini, onun iqtisadi potensialını və ikitərəfli qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
“Görüşdə həmçinin ABŞ-Azərbaycan tərəfdaşlığının daha da inkişaf etdirilməsi, eləcə də iqtisadi inkişaf, investisiyalar və insanlararası əlaqələr də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə imkan yaradan Strateji Tərəfdaşlıq haqqında Xartiyanın əhəmiyyəti vurğulanıb”, – məlumatda qeyd edilib.
Paraqraf.com
![]()