Cərrahhiyə peşəsində dərin iz qoymuş – Professor Bəybala Abasov
Azərbaycan tibb elminin inkişafında silinməz iz qoyan görkəmli şəxsiyyətlərdən biri, Şöhrət ordenli, Əməkdar elm xadimi, Əməkdar həkim, tibb elmləri doktoru, professor Bəybala Xudkar oğlu Abasovdur. O, zəngin elmi fəaliyyəti, yüksək peşəkarlığı və mürəkkəb cərrahi əməliyyatları ilə Azərbaycan səhiyyəsinin inkişafına mühüm töhfələr verib, damar cərrahiyyəsinin inkişafında xüsusi xidmətləri olan alim və cərrah kimi tarixə düşüb.
Həkimliyə aparan həyat yolu
Bəybala Abasov 17 noyabr 1923-cü ildə Xızı rayonunun Zərgərli kəndində anadan olub. İlk təhsilini doğma kəndində alan Bəybala Abasov ailəsinin 1932-ci ildə Bakıya köçməsi ilə orta təhsilini Bakı şəhərindəki 132 saylı məktəbdə davam etdirib.
1942-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı şəhəri Oktyabr rayon maliyyə şöbəsində inspektor vəzifəsində çalışıb. 1944-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə qəbul olunub.
1949-cu ildə ali təhsilini başa vurduqdan sonra ümumi cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçib, 1950-ci ildə isə müsabiqə yolu ilə Topoqrafik anatomiya və operativ cərrahiyyə kafedrasının ordinaturasına qəbul olunub.
Gənc yaşlarından elmə böyük maraq göstərən Bəybala Abasov ilk elmi araşdırmaları ilə də diqqət çəkib. Onun elmi işi Zaqafqaziya cərrahlarının qurultayında yüksək qiymətləndirilib və bu uğur gələcək elmi fəaliyyətinə mühüm stimul verib.
Cərrahiyyədə yeni səhifə
Professor Bəybala Abasovun adı Azərbaycan cərrahiyyəsinin inkişafının mühüm mərhələləri ilə bağlıdır. Onun fəaliyyətində damar cərrahiyyəsi, rekonstruktiv-bərpaedici cərrahiyyə və mikrocərrahiyyə xüsusi yer tutur.
1954-cü ildən qan damarlarının plastikası üzrə əməliyyatlara başlayan alim Azərbaycanda bu istiqamətin inkişafına mühüm töhfə verib. Ağır travmalar nəticəsində zədələnən ətrafların bərpası istiqamətində həyata keçirdiyi mürəkkəb əməliyyatlar onun yüksək peşəkarlığını nümayiş etdirib.
Professorun fəaliyyətində replantasiya əməliyyatları da xüsusi əhəmiyyət daşıyıb. Ağır travmalar nəticəsində zədələnən ətrafların bərpası üzrə apardığı mürəkkəb əməliyyatlar Azərbaycanda mikrocərrahiyyənin inkişafının əsas istiqamətlərindən birinin formalaşmasına şərait yaradıb.
Azərbaycanda damar cərrahiyyəsinin inkişafına yeni istiqamət verib.
Onun cərrah kimi uğurları ölkə hüdudlarından kənarda da diqqət çəkib. 1957-ci ildə Moskvanın “Медицинский работник” qəzetində “Cavan cərrahın 1000-ci əməliyyatı” sərlövhəli məqalənin dərc olunması onun həmin dövrdə artıq tanınan mütəxəssis olduğunu göstərib.
Elmə və gənc nəslə xidmət
Bəybala Abasov yalnız əməliyyat masasının arxasında böyük uğurlar qazanan cərrah deyil, həm də bütün ömrünü elmə və təhsilə həsr edən alim olub.
Onun monoqrafiyaları, dərslikləri, elmi məqalələri və ixtiraları Azərbaycan tibb elminin inkişafında mühüm rol oynayıb.
Professor öz bilik və təcrübəsini gənc həkimlərə və tələbələrə çatdırmağa xüsusi əhəmiyyət verib. O, gələcək mütəxəssislərin yalnız nəzəri biliklərə deyil, həm də praktiki bacarıqlara yiyələnməsinə çalışıb.
Bu səbəbdən onun yetirmələri professoru həm tələbkar müəllim, həm də qayğıkeş və səmimi insan kimi xatırlayırlar.
Dövlət tərəfindən yüksək qiymətləndirilən xidmətlər
Professor Bəybala Abasovun Azərbaycan səhiyyəsinə və tibb elminə xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib.
2000-ci ildə Azərbaycan xalqının ümummilli lideri, Prezident Heydər Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub. O, həmçinin Əməkdar elm xadimi və Əməkdar həkim fəxri adlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülüb.
Alimin şəxsiyyətinə və peşəkar fəaliyyətinə olan böyük marağın göstəricilərindən biri də 1963-cü ildə məşhur rəssam Ağa Mehdiyev tərəfindən yaradılan “Cərrah B.X. Abasovun portreti” əsəridir. Bu portret SSRİ-də keçirilən “Bizim müasirlərimiz” sərgisində nümayiş etdirilib.
Xatirəsi yaşadılan böyük şəxsiyyət
Bəybala Abasovun həyatı yalnız elmi nailiyyətlərlə deyil, insanlara olan sevgisi, xeyirxahlığı və səmimiyyəti ilə də yadda qalıb.
Onun doğulduğu Xızı rayonunun Zərgərli kəndinin Sərəki yaylağında öz əlləri ilə tikdiyi bulağı Böyük Vətən müharibəsində həlak olan oğulların xatirəsinə həsr edib. Bulaq 2014-cü ildə oğlu İlham Abbasov tərəfindən əsaslı şəkildə təmir olunub, bununla da böyük alimin xatirəsi yaşadılıb.
Bulaqdan süzülən su bir tərəfdən insan həyatına xidmət edən həkimin xatirəsini yaşadırsa, digər tərəfdən onun insanlara bəxş etdiyi həyatın və xeyirxahlığın rəmzinə çevrilir.
Belə insanların qoyduğu iz illər keçsə də silinmir.

Adı gələcək nəsillərin yaddaşında yaşamalıdır
Professor Bəybala Xudkar oğlu Abasov Azərbaycan tibb tarixində özünəməxsus yeri olan böyük alim, mahir cərrah və əsl ziyalı kimi yadda qalıb. O, cərrah bıçağının parıltısında insanlara həyat ümidi verib, elmi fəaliyyəti ilə yeni nəsil həkimlərin yetişməsinə əvəzsiz töhfə verib. Bu böyük şəxsiyyətin həyat və fəaliyyətini xatırlayarkən, görkəmli şair Cabir Novruzun Bəybala Abasova həsr etdiyi “Müqəddəs bıçaqlar” şeiri də yada düşür. Şair bu əsərində cərrahın əlindəki bıçağı insan həyatını xilas edən müqəddəs bir vasitə kimi dəyərləndirərək, böyük alimin peşəsinə və şəxsiyyətinə olan ehtiramını ifadə edib.
Belə böyük alim və həkimlərin fəaliyyəti yalnız tibb ictimaiyyəti üçün deyil, bütövlükdə Azərbaycan tarixinin mühüm səhifələrindən biridir. Onun elmi və praktiki irsi tibb dərsliklərində, ensiklopediyalarda və tibb tarixindən bəhs edən nəşrlərdə daha geniş şəkildə təbliğ edilməyə layiqdir.
Hesab edirəm ki, professor Bəybala Abasovun xatirəsinin əbədiləşdirilməsi istiqamətində də mühüm addımlar atılmalıdır. Gələcəkdə onun adı ilə bir küçənin, tibb müəssisəsinin və ya digər sosial obyektin adlandırılması, eləcə də fəaliyyəti ilə bağlı məkanlarda xatirə lövhəsinin qoyulması alimin irsinə verilən layiqli qiymət ola bilər.
Böyük şəxsiyyətlərin adı yalnız keçmişdə deyil, gələcəyin yaddaşında da yaşamalıdır.
Professor Bəybala Abasov kimi Azərbaycan tibb elminə və səhiyyəsinə ömrünü həsr edən insanların irsi qorunmalı, onların həyat yolu gənc həkim və alimlər üçün nümunəyə çevrilməlidir.
Onun keçdiyi həyat yolu, elmə və insanlara xidmət fəlsəfəsi gələcək nəsillər üçün örnəkdir. Professor Bəybala Abasovun adı Azərbaycan səhiyyəsinin tarixində daim ehtiramla çəkiləcək, onun elmi irsi və xatirəsi nəsildən-nəslə ötürüləcəkdir.

Elçin Ağasiyev
Paraqraf.com
![]()