Azərbaycan və Kamboca parlament əməkdaşlığını gücləndirmək niyyətindədir
Kamboca və Azərbaycan parlamentlərarası əməkdaşlığı gücləndirmək və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyəti genişləndirmək niyyətində olduqlarını bəyan edib.
Paraqraf.com “Campuchea Thmey Daily”yə istinadən xəbər verir ki, bu məsələ Kamboca Senatının sədri Samdeç Teço Hun Sen və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova arasında keçirilən videokonfransda müzakirə olunub.
“Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin gələcək inkişafının və iki ölkənin qanunverici orqanları arasında, o cümlədən beynəlxalq parlament platformalarında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar”,- məlumatda qeyd olunub.
S.Qafarova Kambocanı Parlamentlərarası İttifaqın parlament spikerlərinin bu yaxınlarda Pnompendə keçirilmiş görüşü münasibətilə təbrik edib və ölkənin parlamentlərarası qarşılıqlı fəaliyyətin inkişafına verdiyi töhfəyə görə minnətdarlığını bildirib.
Milli Məclisin sədri həmçinin Samdeç Teço Hun Seni Azərbaycana səfərə dəvət edib.
Öz növbəsində, Kamboca Senatının sədri səfər üçün uyğun vaxtı nəzərdən keçirəcəyini bildirib.
Bundan əlavə, S.Teço Azərbaycan və Kamboca arasındakı münasibətlərin müsbət xarakterini qeyd edib, Azərbaycan tərəfinə Parlamentlərarası İttifaqın bu yaxınlarda keçirilmiş görüşündə iştirakına görə təşəkkür edib.
Tərəflər qarşılıqlı fəaliyyəti davam etdirməyə və iki ölkənin parlamentləri arasında fikir mübadiləsini genişləndirməyə hazır olduqlarını ifadə ediblər.
Paraqraf.com
![]()