Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Londonda təhsil vədi ilə 510 min manat: pulun izi hara gedir?
CƏMİYYƏTMANŞET

Londonda təhsil vədi ilə 510 min manat: pulun izi hara gedir?

23 Avqust 2026
PAYLAŞIN:

Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində Emin Vaqif oğlu Quliyevin cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Emin Quliyev hazırda həbsdədir və barəsində həbs qətimkan tədbiri seçilib. Onun atası, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev və anası Şəfəqət Nəzirova isə azadlıqdadır.

İş materiallarında yer alan yeni faktlar xaricdə təhsil vədi ilə vətəndaşlardan külli miqdarda vəsait toplandığı iddialarını daha da aktuallaşdırır.

Əvvəlki yazımızda vətəndaşlardan xaricdə təhsil adı ilə alınan pulların arxasında yalnız bir şəxsin fəaliyyəti dayanıb-dayanmadığı, yoxsa daha geniş mexanizmin mövcud olduğu sualını gündəmə gətirmişdik.

İş üzrə səslənən iddialar yalnız Emin Quliyevin xaricdə təhsil, universitetlərə qəbul və digər xidmətlər adı altında vətəndaşlardan pul alması ilə məhdudlaşmır. Müxtəlif ifadələrdə ailə üzvlərinin adlarının çəkilməsi, pul vəsaitlərinin kimlərə çatdırıldığı ilə bağlı iddialar və ailə daxilində mümkün maliyyə əlaqələri daha geniş araşdırma sualları doğurur.

Bu sualların mərkəzində üç ad dayanır: Emin Quliyev, onun atası Vaqif Quliyev və anası Şəfəqət Nəzirova.

Bir ailənin iki övladı üçün 300 min dollar

İş materiallarına əsasən, Vəfa Həsənovaya iki qız övladı Londonda universitetdə təhsil alacağı, dörd illik təhsil haqları, yaşayış, viza və digər xərclərinin qarşılanacağı vəd edilib.

Həsənova bu vədlərə inanaraq iki mənzilini, Range Rover markalı avtomobilini satıb, bankdakı əmanətini çıxarıb və digər gəlirlərini də toplayıb.

Nəticədə müxtəlif vaxtlarda ümumilikdə 300 min ABŞ dolları, yəni təxminən 510 min manat pul verdiyi bildirilir.

Amma pulun alınma forması da diqqət çəkir.

İş materiallarında göstərilən məlumata görə, vəsait müxtəlif şəxslər vasitəsilə toplanıb:

Arzu Məzahirova — 51 min manat;
Feyruz Cəfərzadə — 34 min manat;
Səbuhi Ələkbərov — 17 min manat;
Baxış İsmayılov — 272 min manat.

Bundan başqa, 2023-cü ilin avqustunda Baxış İsmayılovun istifadəsində olan bank kartına 13 600 manat, Feyruz Cəfərzadənin istifadəsində olan karta isə 6 800 manat köçürülüb.

Sadalanan bu konkret ödənişlərin ümumi məbləği 394 400 manat təşkil edir. Digər ödənişlərlə birlikdə ümumi məbləğin təxminən 510 min manata çatdığı bildirilir.

Burada diqqət çəkən əsas məqam sadəcə pulun məbləği deyil.

Pulun müxtəlif şəxslərin əllərindən keçməsidir.

Bir ailənin övladlarının təhsili üçün topladığı pul niyə müxtəlif şəxslərə verilib? Niyə bir hissəsi nağd, digər hissəsi müxtəlif şəxslərin bank kartlarına köçürülüb? Bu şəxslər arasında hansı əlaqə olub? Onların hər biri eyni işin hansı mərhələsində iştirak edib?

Və ən başlıcası:

510 min manatın son dayanacağı haradır?

Pulun izi Vaqif Quliyevə qədər gedir

Vəfa Həsənovanın pulları ilə bağlı iş materiallarında yer alan daha bir epizod xüsusi diqqət çəkir.

Məlumata görə, 2022-ci ilin mayında Emin Quliyevin tapşırığı ilə Səbuhi Ələkbərov vasitəsilə onun atası Vaqif Quliyevə 10 min ABŞ dolları çatdırılıb.

İddialara görə, həmin pul Vaqif Quliyevin xaricə getməsi üçün yol xərci kimi təqdim edilib.

Daha sonra Emin Quliyev telefonla zəng edərək pulun atasına çatdığını bildirib. Bu barədə səs yazısının olduğu da bildirilir.

Əgər bu epizod məhkəmə araşdırması zamanı təsdiqini taparsa, ortaya bir sıra suallar çıxır:

Xaricdə təhsil üçün verilən pul niyə Vaqif Quliyevə çatdırılıb?

Vaqif Quliyev bu vəsaitin hansı mənbədən gəldiyini bilibmi?

Pulu hansı məqsədlə qəbul edib?

Vəsait sonradan hara yönəlib?

Bu barədə Vaqif Quliyevin izahatı nədir?

Burada söhbət Vaqif Quliyevin alim və ya AMEA-nın müxbir üzvü olmasının hər hansı qanunsuzluğa sübut kimi təqdim edilməsindən getmir. Əsas məsələ konkret maliyyə epizodunda onun rolunun olub-olmamasıdır.

Emin Quliyevin əvvəlki məhkumluğu

Emin Quliyevin əvvəl də oxşar ittihamlarla məhkəmə qarşısına çıxması məsələni daha da diqqətçəkən edir.

2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun xaricdə təhsil vədləri ilə bağlı dələduzluqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edildiyi bildirilir.

İndi isə Emin Quliyev yenidən həbsdədir və yeni cinayət işi üzrə araşdırma aparılır.

Bu vəziyyətdə əsas sual belədir:

Emin Quliyev bu fəaliyyəti təkbaşına həyata keçirib, yoxsa ailə daxilində başqa şəxslərin də prosesdən xəbəri və iştirakı olub?

Aişə Qadiyevanın kartlarına gedən pul

İş üzrə digər zərərçəkmiş Məhəmmədəli Aslanovdan aldadılaraq əldə edildiyi göstərilən vəsaitlərin Emin Quliyevin həyat yoldaşı Aişə Qadiyevanın adına olan bank kartlarına köçürülməsi ilə bağlı da məlumatlar var.

İş materiallarına əsasən, bir karta 3 800 manat, digər karta isə 33 min manat köçürülüb.

Beləliklə, başqa bir zərərçəkmişdən alınan vəsaitin izi də Emin Quliyevin həyat yoldaşının adına olan bank kartlarına qədər gəlib çıxır.

Bu fakt da sadə, lakin mühüm sual yaradır:

Vətəndaşlardan alınan pullar niyə ailə üzvünün adına olan bank kartlarında görünür?

Bu pullar karta daxil olduqdan sonra hara gedib?

Kim tərəfindən istifadə olunub?

Aişə Qadiyevanın adına olan kartlar hansı maliyyə əməliyyatlarında istifadə edilib?

Bu sualların cavabı da maliyyə zəncirinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.

Şəfəqət Nəzirova: ailənin maliyyə zəncirində rolu nə olub?

Araşdırılmalı digər istiqamət Emin Quliyevin anası Şəfəqət Nəzirovanın mümkün roludur.

Hazırda onun hər hansı cinayət əməlində iştirakını təsdiqləyən məhkəmə hökmü yoxdur. Buna görə də onun adının iş materiallarında çəkilməsi təqsir kimi təqdim edilə bilməz.

Lakin əgər ailə üzvlərinin bank hesabları, kartları, pul qəbulu və ya digər maliyyə əməliyyatları iş üzrə əldə olunan vəsaitlərlə əlaqələndirilirsə, bu münasibətlər ayrıca araşdırılmalıdır.

Şəfəqət Nəzirovanın Emin Quliyevin fəaliyyəti barədə nə bildiyi, hansı maliyyə münasibətlərindən xəbərdar olduğu və hər hansı vəsaitin onun sərəncamına keçib-keçmədiyi müəyyən edilməlidir.

Əsas suallar bunlardır:

Emin Quliyev əldə etdiyi pulları ailə üzvlərinə ötürübmü?

Şəfəqət Nəzirova bu vəsaitlərdən hər hansı birini qəbul edibmi?

Ailə üzvlərinin hesabları arasında qeyri-adi pul dövriyyəsi olubmu?

Ailənin əmlakı və maliyyə imkanları ilə əldə olunan vəsaitlər arasında hər hansı əlaqə varmı?

Bu sualların cavabı yalnız sənədlər, bank məlumatları, ifadələr və digər sübutlarla müəyyən edilə bilər.

Pul qaytarılmadı, əvəzində bank sənədi göndərildi

Vəfa Həsənova sonradan aldadıldığını anlayaraq pullarını tələb edib.

İddialara görə, Emin Quliyev və Baxış İsmayılov Həsənovaya Türkiyənin Akbank hesabından guya 72 min və 82 min ABŞ dollarının onun hesabına köçürüldüyünü göstərən bank sənədləri göndəriblər.

Sonradan həmin sənədlərin real bank əməliyyatlarını əks etdirmədiyi müəyyən edilib.

Burada artıq söhbət sadəcə pulun qaytarılmamasından getmir.

Pulun qaytarıldığı görüntüsünün yaradılmasından söhbət gedir.

Əgər bu məlumatlar məhkəmə araşdırması zamanı təsdiqini taparsa, həmin epizoda da hüquqi qiymət verilməli olacaq.

Londonda isə vədin nəticəsi görünür

Bütün bu böyük məbləğlərin hansı məqsədlə alındığını anlamaq üçün həmin vədlərin nəticəsinə baxmaq kifayətdir.

Onun qızına Londonda təhsil alacağı yer göstərilib. Universitetə yaxın ərazidə qalacağı ev nümayiş etdirilib. Ona gələcək təhsil həyatı ilə bağlı konkret təsəvvür yaradılıb.

Lakin sonradan məlum olub ki, onun adına olduğu deyilən universitetə təhsil haqqı ödənilməyib. Kirayə və digər xərclər də qarşılanmayıb.

Nəticədə Londonda tək və çıxılmaz vəziyyətdə qalan qızı London polisi yardım göstərərək onu müvəqqəti qalma yerinə yerləşdirib.

Bir tərəfdə 510 min manatlıq ödəniş.

Digər tərəfdə isə Londonda köməksiz qalan tələbə.

Bu iki fakt arasında məsafə nə qədərdir?

Və ən mühüm sual:

İki gəncin Londonda təhsil alması üçün alınan yüz minlərlə manatın müqabilində niyə onların təhsili təmin edilməyib?

Emin Quliyevin Türkiyə epizodu

İş materiallarında diqqət çəkən digər hadisələrdən biri də Emin Quliyevin Türkiyədə guya silahlı basqına məruz qalması ilə bağlıdır.

İlkin olaraq onun pulunun silahlı hücum nəticəsində əlindən alındığı görüntüsünün yaradıldığı bildirilir.

Lakin Türkiyə polisində aparılan araşdırma zamanı hadisənin təqdim edildiyi formada olmadığı və Emin Quliyevin polis qarşısında həqiqəti etiraf etdiyi barədə məlumatlar mövcuddur.

Bu epizod üzrə də eyni sual ortaya çıxır:

Nə baş vermişdi və nə üçün hadisə əvvəlcə başqa formada təqdim edilmişdi?

Akademik nüfuz və keçmiş əlaqələr

Vaqif Quliyevin AMEA-da yüksək akademik statusa malik olması da ayrıca diqqət çəkən məqamdır.

Müxtəlif iddialarda onun keçmişdə AMEA rəhbərliyində olmuş Ramiz Mehdiyevlə münasibətlərinə də toxunulur. Bəzi şəxslər Vaqif Quliyevin həmin dövrdə müəyyən dəstək və əlaqələrdən yararlandığını iddia edirlər.

Lakin bu məsələ əsas araşdırma xəttindən kənara çıxarılmamalıdır.

Burada əsas sual Ramiz Mehdiyevin adı yox, Vaqif Quliyevin öz ailə üzvlərinin fəaliyyəti və mümkün maliyyə münasibətlərindən nə dərəcədə xəbərdar olmasıdır.

Əgər Emin Quliyevin fəaliyyətində ailənin digər üzvlərinin iştirakı və ya məlumatlılığı sübuta yetirilərsə, bu, ayrıca hüquqi qiymətləndirmə tələb edən məsələ olacaq.

Emin həbsdədir, ata və ana azadlıqda

Hazırkı mənzərə belədir:

Emin Quliyev həbsdədir. Vaqif Quliyev və Şəfəqət Nəzirova isə azadlıqdadır.

Bu səbəbdən araşdırmanın əsas sualı onların təqsirli olub-olmaması deyil, iş materiallarında adları çəkilən epizodların hər birində konkret olaraq hansı rolun olub-olmamasıdır.

Emin Quliyevin əvvəlki məhkumluğu və hazırkı həbsi fonunda isə ailəsinin digər üzvlərinin mümkün maliyyə əlaqələri ilə bağlı sualların cavablandırılması daha da aktuallaşır.

Emin Quliyevin bu işi təkbaşına görüb-görmədiyi, Vaqif Quliyevin oğlunun fəaliyyətindən nə bildiyi, Şəfəqət Nəzirovanın prosesdən xəbərdar olub-olmadığı, zərərçəkmişlərin verdiyi pullardan ailənin digər üzvlərinə hər hansı vəsait çatdırılıb-çatdırılmadığı və belə bir hal olubsa həmin pulların hara getdiyi araşdırılmalı məsələlərdir.

Bəs bu mexanizmdə kim nə qədər rol oynayıb?

Məsələnin ən mühüm tərəfi də budur.

Biz burada yalnız bir şəxsin cinayət işindən danışmırıq.

Burada xaricdə təhsil arzusu, valideynlərin övladlarının gələcəyinə olan inamı və bu inam üzərindən yüz minlərlə manatlıq maliyyə dövriyyəsi barədə iddialardan danışırıq.

Xaricdə təhsil almaq istəyən gənclərin ailələri qarşısında professional görünən insanlar dayanır. Universitet adlarından danışılır, xaricdə əlaqələrdən bəhs edilir, yaşayış yeri göstərilir, sənədlər təqdim olunur, konkret tarixlər söylənilir.

Valideyn isə bir şeyi düşünür:

“Övladımın gələcəyi təmin olunacaq”.

Məhz bu etimad böyük məbləğlərə çevrilir.

Nəticədə ailə evini satır, avtomobilini satır, bankdakı pulunu çıxarır. Övlad isə xarici ölkədə tək qalır.

Bu, artıq yalnız bir cinayət işinin deyil, ictimai problemin də göstəricisidir.

Yeni müraciətlər var

Söhbətin yalnız bir ailə ilə məhdudlaşmadığı da bildirilir.

Hələ istintaqa cəlb olunmayan bir sıra şəxslərin məsələ ilə bağlı müraciət etmək qərarına gəldiyi qeyd olunur.

Onlardan biri Türkiyə vətəndaşı Sevilay Aslandır.

Sevilay Aslanın redaksiyaya təqdim etdiyi sənəddə Emin Quliyevin öz əli ilə onun övladının Londonda universitetdə təhsil alması üçün ondan 200 min ABŞ dolları aldığı barədə qeyd yazdığı bildirilir.

Burada da nəticə ilə bağlı sual ortaya çıxır:

Pul verilibsə, həmin vəsaitin sonrakı taleyi necə olub?

Övladının Londonda təhsil alması vədi yerinə yetirilibmi?

Yoxsa yenə eyni mənzərə — aldadılmış insanlar və məhv olmuş arzular?

Milyonların izi hara gedir?

İş üzrə ən mühüm məsələlərdən biri pulun izinin müəyyən edilməsidir.

Vətəndaşlardan xaricdə təhsil, universitetə qəbul, viza və digər xidmətlər üçün alınan vəsaitlər hansı hesablara daxil olub?

Kim tərəfindən idarə olunub?

Kimə nağd şəkildə verilib?

Kimlərin bank kartlarından keçib?

Ailə üzvlərindən hansının sərəncamına keçib?

Əgər vəsaitlərin bir hissəsi Vaqif Quliyevə və ya Şəfəqət Nəzirovaya çatdırılıbsa, bunun səbəbi nə olub?

Ailə üzvləri həmin vəsaitlərin mənbəyindən xəbərdar olublarmı?

Bu sualların cavabı işin yalnız Emin Quliyevin fəaliyyəti ilə məhdudlaşıb-məhdudlaşmadığını müəyyən etmək baxımından mühüm əhəmiyyət daşıyır.

Əsas məsələ isə dəyişmir:

510 min manatın, daha sonra ortaya çıxan digər ödənişlərin və ümumilikdə vətəndaşlardan alındığı iddia olunan milyonlarla vəsaitin izi hara gedir?

Bu suala cavab vermək üçün bütün maliyyə zəncirinin — pulun alınmasından son istifadə istiqamətinə qədər — araşdırılması vacibdir.

Vaqif Quliyev və Şəfəqət Nəzirovanın mövqeyi isə bu sualların digər tərəfidir. Redaksiya onların səsləndirilən iddialara, pul münasibətlərinə, Emin Quliyevin fəaliyyəti ilə mümkün əlaqələrinə və təqdim olunan materiallara dair mövqeyini dərc etməyə hazırdır. Eyni zamanda adı çəkilən digər şəxslərin də mövqelərini və təqdim edəcəkləri sənədləri oxuculara çatdırmağa hazırıq.

Qeyd edək ki, hazırkı cinayət işi üzrə məhkəmənin yekun hökmü olmadan heç bir şəxsi təqsirli elan etmək olmaz. Yazıda səsləndirilən iddiaların hüquqi qiymətini məhkəmə verəcək.

Vaqif Quliyev və Şəfəqət Nəzirovanın, eləcə də adı çəkilən digər şəxslərin yazıda qeyd olunan məsələlərlə bağlı mövqeyini, izahatlarını və təqdim edəcəkləri sənədləri dərc etməyə hazırıq.

Araşdırma davam edir.

Loading

Author

admin

Follow Me
Other Articles
Previous

İnsanlar 100 yaşdan sonra niyə xərçəngə daha az tutulur? – Alimlər gözlənilməz cavab

Next

Tünzalə Ağayeva yeni görünüşü ilə göz qamaşdırdı – VİDEO

Copyright 2026— Praqraf.com. All rights reserved