Gənclik gələcəyi gözləmək deyil, onu bu gündən qurmaqdır
12 Avqust – Beynəlxalq Gənclər Günü gənclərin cəmiyyət həyatındakı rolunu, onların potensialını və gələcəyin formalaşmasında daşıdıqları məsuliyyəti bir daha gündəmə gətirən əlamətdar gündür.
Gənclik hər bir cəmiyyətin ən böyük potensiallarından biridir. Gənclər yalnız gələcəyin qurucuları deyil, həm də bu günün fəal iştirakçılarıdır. Onların dünyagörüşü, təhsili, həyata baxışı, vətəndaşlıq mövqeyi və cəmiyyətə münasibəti ölkənin gələcək inkişafında mühüm rol oynayır.
Azərbaycan gəncliyi də bu baxımdan böyük potensiala malikdir. Son illərdə gənclərin təhsil, elm, idman, mədəniyyət, sahibkarlıq və ictimai fəaliyyət sahələrində əldə etdikləri uğurlar onların qarşısında geniş imkanların olduğunu göstərir. Əsas məsələ isə bu imkanlardan düzgün istifadə etmək, daim öyrənmək və öz üzərində çalışmaqdır.
Ölkəmizdə gənclərə göstərilən diqqət və yaradılan imkanlar onların potensiallarını reallaşdırmasına mühüm şərait yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti bu istiqamətdə mühüm rol oynayır. Gənclərin müxtəlif layihə və təşəbbüslərə cəlb olunması, onların ictimai fəallığının dəstəklənməsi gənc nəslin inkişafına verilən önəmin göstəricisidir.
Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil, mədəniyyət, humanitar və sosial sahələrdə həyata keçirdiyi layihələr də cəmiyyətin, xüsusilə gənc nəslin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Milli-mədəni irsin qorunmasına, humanizm və sosial həmrəylik dəyərlərinin təşviqinə göstərilən diqqət gənclər üçün də mühüm nümunədir.
Lakin gəncliyin qarşısında duran məsuliyyət yalnız yaradılan imkanlardan yararlanmaqla bitmir. Müasir dövrdə gənc daim öyrənməli, yenilikləri izləməli, bilik və bacarıqlarını inkişaf etdirməlidir. Texnologiyanın sürətlə dəyişdiyi, informasiya axınının artdığı bir zamanda savadlı, düşünən, araşdıran və düzgün seçim edə bilən gənclərə daha böyük ehtiyac var.
Məncə, müasir Azərbaycan gəncini xarakterizə edən əsas xüsusiyyətlərdən biri özünüinkişafla vətəndaşlıq məsuliyyətini bir araya gətirməkdir. Uğurlu karyera qurmaq, yaxşı təhsil almaq və peşə sahibi olmaq vacibdir. Bununla yanaşı, yaşadığımız cəmiyyətə fayda vermək, sosial məsələlərə laqeyd qalmamaq və ictimai həyatda fəal iştirak etmək də gəncliyin mühüm missiyalarındandır.
Gənclər öz tarixini və milli-mənəvi dəyərlərini də unutmamalıdır. Dünyaya açıq olmaq öz kimliyindən uzaqlaşmaq demək deyil. Əksinə, tarixini, dilini, mədəniyyətini və dəyərlərini yaxşı bilən gənc müasir dünyada özünü daha inamlı şəkildə ifadə edə və ölkəsini layiqincə təmsil edə bilər.
Qərbi azərbaycanlı bir gənc olaraq tarixi yaddaşın qorunmasının mənim üçün xüsusi əhəmiyyəti var. Ailələrdən gələn xatirələrin, milli-mədəni irsin və tarixi məlumatların gələcək nəsillərə ötürülməsi hər birimizin məsuliyyətidir. Bu yaddaşın qorunması ilə yanaşı, gəncliyin daha geniş və ümumi vəzifələri də var: təhsil almaq, inkişaf etmək, cəmiyyətə fayda vermək və gələcəyin quruculuğunda fəal iştirak etmək.
Bu gün gənclər üçün ən böyük üstünlüklərdən biri seçim imkanlarının geniş olmasıdır. Kimisi elmə, kimisi sahibkarlığa, kimisi dövlət xidmətinə, kimisi incəsənətə, idmana və ya ictimai fəaliyyətə yönəlir. İstiqamətlər fərqli olsa da, məqsəd eyni ola bilər – öz potensialını reallaşdırmaq və cəmiyyət üçün faydalı olmaq.
Gəncliyin gücü həm də birlikdədir. Bir-birimizin uğurunu dəstəkləmək, bilik və təcrübəmizi bölüşmək, yeni ideyalar irəli sürmək və sosial təşəbbüslərdə birgə iştirak etmək daha güclü nəticələr ortaya çıxara bilər.
12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə bütün gənclərə ən böyük arzum budur: özünüzə inanın, öyrənməkdən heç vaxt vaz keçməyin, qarşınıza böyük məqsədlər qoyun və sahib olduğunuz imkanları dəyərləndirin.
Çünki gənclik yalnız bir yaş mərhələsi deyil. Gənclik düşünmək, öyrənmək, təşəbbüs göstərmək, məsuliyyət daşımaq və gələcəyi bu gündən qurmaqdır.
Bu gün atdığımız hər bir addım sabahın mənzərəsini formalaşdırır. Ona görə də gələcəyimizi gözləmək yox, onu bu gündən qurmaq bizim əlimizdədir.
Kənan Əlizadə
Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının üzvü
![]()