Qurban Əliyevin xatirəsi ehtiramla anılır
Bu gün Azərbaycan SSR-in 1971–1987-ci illərdə Ali və Orta İxtisas Təhsili naziri vəzifəsində çalışmış, görkəmli elm və təhsil təşkilatçısı Qurban Həsən oğlu Əliyevin anadan olmasının ildönümüdür.
Keçmiş təhsil naziri Misir Mərdənov Qurban Əliyevlə bağlı xatirələrini bölüşərək bildirib ki, nazir təyin olunduqdan bir il sonra Qurban Əliyev onunla görüşərək mühüm məsləhətlər verib. O qeyd edib ki, həmin dövrdə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə hər il SSRİ Ali və Orta İxtisas Təhsili naziri Yelyutinlə görüşür, digər respublikalar üçün ayrılmış, lakin istifadə olunmayan təhsil yerlərinin Azərbaycana verilməsinə nail olurdu. Nəticədə 15 mindən çox azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almaq imkanı qazanmışdı.
Qurban Əliyev 1921-ci il iyunun 22-də Rusiyanın Çita şəhərində anadan olub. 1946-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra həkim kimi fəaliyyətə başlayıb, daha sonra səhiyyə və partiya orqanlarında müxtəlif məsul vəzifələrdə çalışıb. 1971-ci ildə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili naziri təyin olunaraq bu vəzifədə 16 il fəaliyyət göstərib.
Onun rəhbərliyi dövründə minlərlə azərbaycanlı gəncin SSRİ-nin nüfuzlu ali məktəblərində və aspiranturalarında təhsil almasına şərait yaradılıb, eyni zamanda Azərbaycanda bir sıra yeni ali və orta ixtisas təhsil müəssisələri fəaliyyətə başlayıb. Təhsil sisteminin inkişafı, maddi-texniki bazanın möhkəmləndirilməsi və milli kadr hazırlığı istiqamətində mühüm işlər görülüb.
1987-ci ildə milli kadrlara üstünlük verdiyi iddiası ilə haqsız tənqidlərə məruz qalan Qurban Əliyev vəzifəsindən ayrılarkən “Nə etmişəmsə, xalqım üçün, Vətənim üçün etmişəm və bundan peşman deyiləm” sözləri ilə yadda qalıb.
Qurban Əliyev eyni zamanda Azərbaycan Dövlət Tibb İnstitutunun professoru kimi elmi-pedaqoji fəaliyyət göstərib, altı çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilib, “Əməkdar həkim” fəxri adına layiq görülüb, dövrün ən yüksək orden və medalları ilə təltif olunub.
Görkəmli elm və təhsil təşkilatçısı, vətənpərvər ziyalı Qurban Həsən oğlu Əliyev 2008-ci il martın 30-da vəfat edib və Bakı şəhərində İkinci Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin.
Paraqraf.com
![]()