Cenevrə, 16 iyun 2026-cı il – Aviasiya texnologiyaları sahəsində fəaliyyət göstərən SITA şirkəti Frank Jaffénin SITA Global Services (SGS) bölməsinin baş vitse-prezidenti vəzifəsinə təyin olunduğunu açıqlayıb. O, yeni vəzifəsinin icrasına iyunun 1-dən başlayıb.
SGS bölməsi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 2 500-dən çox aviaşirkət, hava limanı, dövlət qurumu və səyahət sənayesi tərəfdaşları üçün SITA-nın texnoloji həllərinin fasiləsiz fəaliyyətini təmin edir. Hava limanlarında və regional ofislərdə çalışan komandaların fəaliyyəti Monreal, Sinqapur və Qahirədə yerləşən 24/7 xidmət idarəetmə mərkəzləri tərəfindən koordinasiya olunur.
Beynəlxalq tədbirlərdə mühüm rol
SGS son illərdə irimiqyaslı beynəlxalq tədbirlərin texnoloji əməliyyatlarının idarə edilməsində mühüm təcrübə qazanıb. Bölmə 2024-cü il Paris Olimpiadası və Həcc ziyarəti zamanı müştərilərinə fasiləsiz dəstək göstərib. Şirkət bildirir ki, əldə olunan təcrübə 2026-cı ilin Həcc mövsümündə və FIFA Dünya Çempionatı zamanı da tətbiq ediləcək.
SITA-nın baş icraçı direktoru David Lavorel vurğulayıb ki, şirkətin əsas üstünlüyü standart texnoloji həllər deyil, müştərilərin əməliyyatlarını dərindən anlayan və problemləri sərnişinlərə təsir etmədən öncədən həll edə bilən peşəkar komandadır. Onun sözlərinə görə, Frank Jaffé bu yanaşmanın daha da inkişafına töhfə verəcək.
25 ildən çox beynəlxalq təcrübə
Frank Jaffé qlobal xidmətlər, mühəndislik və əməliyyatların idarə olunması sahəsində 25 ildən artıq təcrübəyə malikdir. O, SITA komandasına müştəri xidmətləri texnologiyaları üzrə ixtisaslaşan Odigo şirkətindən qoşulub. Burada baş əməliyyat direktoru kimi fəaliyyət göstərən Jaffé müxtəlif xidmət mərkəzlərinin idarə olunmasına və xidmət strategiyasının formalaşdırılmasına rəhbərlik edib.
Yeni təyinatı ilə bağlı danışan Frank Jaffé texnologiyanın əsas dəyərinin onun etibarlı və fasiləsiz işləməsində olduğunu bildirib:
“Texnologiya yalnız işlədiyi zaman əhəmiyyət kəsb edir. Bunun üçün isə təkcə uğurlu proqram təminatı kifayət deyil. Həm yerində, həm də arxa planda fəaliyyət göstərən peşəkar komandalar, süni intellekt dəstəkli mərkəzləşdirilmiş əməliyyat sistemləri və problemləri sərnişinlərə təsir etmədən həll etmək bacarığı vacibdir”.
Onun sözlərinə görə, SITA Global Services hazırda 100-dən çox ölkədə yerləşən 300-dən artıq hava limanında xidmət göstərir.
Frank Jaffé daha əvvəl Amadeus şirkətində də müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, qlobal çatdırılma xidmətləri üzrə vitse-prezident kimi 55 müxtəlif məkanda fəaliyyət göstərən 900-dən çox əməkdaşdan ibarət komandaya rəhbərlik edib. Onun peşəkar təcrübəsinə bulud texnologiyaları, SaaS transformasiyası və genişmiqyaslı beynəlxalq dəyişiklik proqramlarının idarə olunması da daxildir.
Yeni vəzifəsində Frank Jaffé 1 700-dən çox xidmət mütəxəssisi və sahə mühəndisindən ibarət komandaya rəhbərlik edəcək. Cenevrədə fəaliyyət göstərəcək yeni rəhbər əsas diqqətini xidmət keyfiyyətinin artırılmasına, proseslərin sadələşdirilməsinə və müştərilərə daha effektiv dəstəyin göstərilməsinə yönəldəcək.
Mədinə İlham
Paraqraf.com
![]()