15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası, möhkəmlənməsi və gələcək inkişafının əsasının qoyulduğu tarixi gündür. Bu tarix xalqın iradəsi və Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasi liderliyi nəticəsində ölkənin parçalanma və xaos təhlükəsindən xilas olaraq sabitlik və inkişaf yoluna qədəm qoymasının simvoluna çevrilib.
Məhz 15 İyun Azərbaycanın gələcək taleyini müəyyən edən strateji dövlətçilik kursunun başlanğıcı kimi tarixə düşüb. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt ölkədə sabitliyin bərqərar olunmasına, dövlət institutlarının möhkəmlənməsinə və müstəqilliyin qorunmasına mühüm töhfə verib.
Bu gün də həmin dövlətçilik modeli uğurla davam etdirilir. Azərbaycanın müstəqil, güclü və qalib dövlət kimi inkişafı məhz bu siyasi kursun nəticəsidir. Siyasi sabitliyin möhkəmlənməsi, iqtisadi gücün artması, ordu quruculuğunun inkişafı və milli maraqlara əsaslanan müstəqil xarici siyasət bu strateji xəttin uğurlu davamının göstəriciləridir.
Azərbaycan hazırda regionun aparıcı dövlətlərindən biri kimi beynəlxalq aləmdə nüfuzunu daha da artırır. Ölkəmizin mühüm qlobal tədbirlərə ev sahibliyi etməsi, COP29 kimi beynəlxalq konfransın Bakıda keçirilməsi və WUF13 forumunun Azərbaycana həvalə olunması dövlətimizə olan yüksək etimadın bariz nümunəsidir.
Ulu Öndərin müəyyən etdiyi dövlətçilik strategiyasının məntiqi nəticəsi olaraq Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş güclü dövlətə çevrilib. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ölkənin inkişaf potensialını və siyasi iradəsini nümayiş etdirir.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr təkcə infrastrukturun yenilənməsi deyil, həm də milli qürurun, dövlət gücünün və gələcəyə inamın təcəssümüdür. Bu bölgələrdə formalaşan yeni həyat Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən birinə çevrilib.
15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinin dönüş nöqtəsi olmaqla yanaşı, dövlətçilik fəlsəfəsinin və milli inkişaf modelinin təməl daşıdır. Bu gün əldə olunan uğurlar – siyasi sabitlik, iqtisadi inkişaf, beynəlxalq nüfuz və ərazi bütövlüyünün bərpası Qurtuluş ideyalarının real nəticələridir.
Azərbaycanın gələcək inkişafı da məhz bu möhkəm təməl üzərində daha da güclənərək davam edəcəkdir.
Turanə Orucova
İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin sədri
![]()