Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələri Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının üstünlük qazandığını göstərir.
Son nəticələr hələ açıqlanmasa da, İrəvanın Qərblə yaxınlaşma və Moskvanın təsir dairəsindən qismən uzaqlaşma siyasətini davam etdirəcəyi ehtimalı güclənir. Bu seçki təkcə Ermənistanın daxili siyasi gələcəyini deyil, həm də Cənubi Qafqazda geosiyasi qüvvələr nisbətini müəyyənləşdirən mühüm hadisə kimi qiymətləndirilir.
Politoloq Zeynal Əmrəliyev “Paraqraf.com”a bildirib ki, Rusiya Ermənistanla iş birliyi yolunu seçməlidir:

“Rusiya da Ermənistanın müttəfiqi olaraq erməni xalqının seçiminə hörmət etməlidir. Lakin Moskvanın bu xətt üzrə hərəkət edəcəyi ehtimalı o qədər də yüksək deyil. Daha çox Rusiya tərəfindən Ermənistandakı siyasi proseslərə aktiv müdaxilə cəhdləri müşahidə oluna bilər. Bununla bağlı artıq müəyyən açıqlamalar da verilib. Ermənistanın Avrasiya İqtisadi Birliyindən və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşdırılması istiqamətində addımların atıldığı görünür. Eyni zamanda, Rusiyanın Ermənistana qarşı iqtisadi təzyiq mexanizmlərini işə saldığı da müşahidə olunur. Bu isə ölkədə blokada ab-havası yarada bilər. Nəticədə Ermənistan hakimiyyətini çətin vəziyyətə salmağa çalışacaqlar. Yaxın gələcəkdə Rusiyanın Ermənistana qarşı müəyyən iqtisadi məhdudiyyətlər tətbiq etməsi də istisna deyil. Xüsusilə Ermənistandan Rusiyaya ixrac olunan mallara qadağalar gündəmə gələ bilər. Bununla yanaşı, Rusiyanın Ermənistandakı bəzi investisiyaları geri çəkməsi ehtimalı da var. Ermənistanın bank sektorunda əsas payın məhz Rusiyaya məxsus olması İrəvanda ciddi narahatlıq doğurur. Bütün bunlar fonunda isə tez bir zamanda Azərbaycanla sülh müqaviləsinin imzalanması daha aktual görünür.”
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()