Ukraynanın Müdafiə Qüvvələri Ukrayna dronlarının zərbələri nəticəsində Rusiyanın Volqoqrad vilayətindəki “Zenzevatka” neft nasos stansiyasında neft nəqlinin dayandırıldığını bəyan edib.
Paraqraf.com “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri və Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatlarında bildirilib.
Ukrayna tərəfinin məlumatına görə, stansiyaya zərbə iyunun 2-də endirilib.
Eyni zamanda, Rusiya Silahlı Qüvvələri üçün yüksək dəqiqlikli silahların komponentlərini istehsal edən “Proqress” zavoduna hücum edildiyi bildirilib. Zərbə nəticəsində müəssisənin ərazisində yanğın baş verib.
Bundan əlavə, Ukraynanın Müdafiə Qüvvələri işğal altında olan Krımın “Saki” aerodromundakı RBSN-4N yaxın naviqasiya radiotexniki sistemini vurub.
Ayrıca qeyd olunub ki, Ukrayna qüvvələri Rusiyanın Leninqrad vilayətinin Kronştadt limanındakı gəmilərə və infrastruktur obyektlərinə zərbələr endirib.
Paraqraf.com
![]()
