İnsanların üz tutduğu idman növlərindən biri də məhz üzgüçülükdür. Üzgüçülüyün insan sağlamlığına müsbət təsirləri olduğu kimi, bu idman növünə maraq xüsusilə gənclər arasında daha çox müşahidə olunur.
Üzgüçülük üzrə təcrübəli məşqçi Elvin Hüseynov “Paraqraf.com”a bildirib ki, Azərbaycan Üzgüçülük Federasiyasının dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan və fiziki məhdudiyyətli uşaqlarla da məşqlər keçirilir, onların idmana marağının artırılması istiqamətində işlər görülür:

“Azərbaycanda üzgüçülüyün inkişafında ən böyük addımlardan biri Su İdman Sarayının istifadəyə verilməsi oldu. Xüsusilə 50 metrlik hovuzun olması gənclərin bu idman növünə marağını daha da artırdı. Belə hovuzların sayının gələcəkdə daha çox olması məqsədəuyğundur. 1–3 oktyabr tarixlərində Azərbaycanda “Swimming World Cup” yarışları keçiriləcək. Bu kimi beynəlxalq yarışların ölkəmizdə təşkili gənclərin üzgüçülüyə marağının artmasına böyük təsir göstərir”.
Məşqçi qeyd edib ki, yeniyetmə tələbələrin üzgüçülüyə marağı gündən-günə artır:
“Xüsusilə FINA balları toplamaq, normativlərə uyğun nəticələr göstərmək və beynəlxalq yarışlarda iştirak etmək istəyi onları daha da həvəsləndirir. Uşaqların məqsədləri böyükdür və bu, onların məşqlərə yanaşmasında da hiss olunur.
Eyni zamanda valideynlərin də marağı əvvəlki illərlə müqayisədə daha çoxdur. Valideynlər istəyirlər ki, övladları sağlam həyat tərzi keçirsin, peşəkar idmanla məşğul olsun və gələcəkdə uğurlar qazansın”.
Məşqçi vurğulayıb ki, son bir ay ərzində Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkil etdiyi “Üzməyi öyrənək” layihəsi regionlarda həyata keçirilib:
“Layihə çərçivəsində məktəbli uşaqlara ödənişsiz şəkildə üzgüçülük dərsləri keçirilib.
Layihədən sonra bir çox valideynlər bildirdilər ki, övladlarını daimi şəkildə üzgüçülüyə yazdırmaq və peşəkar idmana yönləndirmək istəyirlər. Bu da göstərir ki, üzgüçülüyə maraq getdikcə artır”.
O əlavə edib ki, Azərbaycanda daha çox döyüş idman növləri inkişaf edib və böyük nailiyyətlər qazanılıb:
“Lakin Xəzər dənizinin sahilində yerləşən ölkə olaraq üzgüçülüyün də gələcəkdə böyük inkişaf potensialı var. İllər keçdikcə daha güclü və peşəkar üzgüçülərin yetişəcəyinə inanırıq”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
