Bakı şəhəri Aytəkin Məmmədov adına 38 nömrəli tam orta məktəbdə vətənpərvərlik ruhunda növbəti tədbir keçirilib. Məktəbin direktoru İradə İmanbəyli və direktor müavini Gülnarə Vəliyevanın təşkilatçılığı ilə baş tutan görüş “Torpaq uğrunda ölən varsa, Vətəndir!” mövzusuna həsr olunub.
Tədbirin fəxri qonağı yazıçı-publisist Raziyə Kamil qızı olub. Görüş çərçivəsində məktəbin məzunu, şəhid Rafiq Aydəmir oğlu Aydəmirova həsr edilmiş kitabın təqdimat mərasimi keçirilib.
Müəllif çıxışı zamanı şəhidin həyat yolu, Vətənə bağlılığı və göstərdiyi qəhrəmanlıqdan bəhs edib. Qeyd olunub ki, torpaq uğrunda canından keçən qəhrəmanların həyatı gələcək nəsillər üçün örnəkdir və onların xatirəsi daim yaşadılmalıdır.
Tədbirdə şəhid ailələrinin yaxınları da iştirak edərək xatirələrini bölüşüblər. Çıxışlarda şəhidlərin əziz xatirəsinin xalqın yaddaşında daim yaşayacağı, onların şərəfli həyat yolunun gənclərə vətən sevgisi aşıladığı vurğulanıb.
Məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim olunub. Tədbirin əsas məqsədinin şagirdlərdə milli-mənəvi dəyərlərin, vətən sevgisinin və qəhrəmanlıq ruhunun daha da gücləndirilməsi olduğu bildirilib.

Paraqraf.com
![]()
