Bu gün ölkə əhalisi Qurban bayramını qeyd edir. Qurban bayramı birlik və bərabərliyin təzahürü hesab olunur. Bu bayram yalnız dini ayin deyil, həm də insanların bir-birinə yaxınlaşdığı, paylaşma və həmrəylik duyğularının gücləndiyi müqəddəs gündür.
Milli Məclisin deputatı Ceyhun Məmmədov “Paraqraf.com”a bildirib ki, bir çox müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da hər il Qurban bayramı böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qeyd olunur:

“Allah yolunda qurbanlar kəsilir, dualar edilir, insanlar bir-birilərini təbrik edirlər. İslamda iki əsas bayram var. Biri Ramazan, digəri isə Qurban bayramıdır. Qurban bayramı İslamda özünəməxsus ənənələri ilə seçilən bayramlardandır. Bayram insanların bir-birinə sevinc bəxş etməsi, onlar arasında birlik və həmrəyliyin möhkəmlənməsi məqsədilə keçirilir.
İslamda bayramların özünəməxsus mahiyyəti və fəlsəfəsi var. Qurban bayramının əsas məqsədlərindən biri imkansız insanlara sevinc yaşatmaq, onlara bayram əhval-ruhiyyəsi bəxş etməkdir. Bayram həm də cəmiyyətin bütövlüyünü, birlik və həmrəyliyini nümayiş etdirir.
Qurban bayramının əsas ənənələrindən biri qurban kəsilməsidir. İslama görə qurban payı üç hissəyə bölünməlidir. Bir hissə qohumlara, bir hissə qonşulara verilməli, digər hissə isə ev sahibi üçün saxlanmalıdır.
Qurban bayramı yalnız ailə üzvlərinin bir araya gəlməsi demək deyil. Bayram qonşulara, qohumlara və ehtiyacı olan insanlara sevinc bəxş etdikdə öz məqsədinə çatmış olur. Bu baxımdan imkanı olan hər bir müsəlman qurban kəsməli, ehtiyacı olan insanlarla paylaşmalıdır.
Qurban bayramının tarixi isə bilavasitə İbrahim peyğəmbərlə bağlıdır. Allah-Təala İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi əmr edir. Burada əsas məqsəd onun Allaha sədaqətini və inamını yoxlamaq idi. İbrahim peyğəmbər Allahın əmrini yerinə yetirməyə hazır olduğu anda Allah-Təala ona qurbanlıq göndərir. Bununla da o, Allaha sadiq bəndələrdən olduğunu təsdiqləyir. Qurban kəsmək həm də Allahın bəxş etdiyi nemətlərə görə şükür etmək mənasını daşıyır”.
Deputat əlavə edib ki, Qurban bayramı hər il Azərbaycanda yüksək əhval-ruhiyyə ilə qeyd olunur:
“Möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva xalqı bayram münasibətilə təbrik edir. Bu da ölkəmizdə milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bayram münasibətilə xalqımızı təbrik edir, bütün dua və ibadətlərin, kəsilən qurbanların Uca Allah dərgahında qəbul olunmasını arzulayıram”.
İlahiyyatçı Tural İrfan isə bildirib ki, islam dinindəki bütün ibadət və ayinlər insanlıq üçün həm fərdi, həm də ictimai fayda daşıyır:

“Qurban bayramı cəmiyyətdə mənəvi hissləri gücləndirir, vəhdət və həmrəyliyi artırır, sosial əlaqələrin genişlənməsinə səbəb olur. Möminlər birlikdə bayram namazı qılır, bir-birilərinə qurban payı verirlər. Bu bayram saflığı, Allaha sədaqəti tərənnüm edir. Qurban bayramının əsas mahiyyəti cəmiyyətə fayda vermək, bərabərliyi qorumaq və varlı ilə kasıb arasındakı məsafəni azaltmaqdır. Bayram o zaman əsl bayram olur ki, insanlara fayda verilsin. İmam Əlinin də buyurduğu kimi, xeyirli işlər görülən gün bayram, pis işlər görülən gün isə matəmdir. Qurban bayramı da insanın cəmiyyətə daha çox fayda verdiyi gün kimi dəyərləndirilməlidir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
