Toksik insanlar əsasən ətrafındakı insanlara mənfi enerji ötürən, daim tənqid edən, qarşısındakı insanın özünəinamını zəiflədən şəxslərdir. Bu tip insanlar çox vaxt qarşı tərəfin şəxsi sərhədlərini pozur, münasibətlərdə gərginlik yaradır və insanı psixoloji yorğunluğa sürükləyir.
Psixoloq Zəhra Quliyeva “Paraqraf.com”a bildirib ki, toksik davranış nümayiş etdirən insanlar arasında narsist xüsusiyyətlər göstərən şəxslər də ola bilər:

“Toksik və narsistik insanlar arasında müəyyən ortaq xüsusiyyətlər müşahidə olunur. Lakin hər toksik insan narsist deyil. Belə insanlar empati qurmaqda çətinlik çəkə, qarşı tərəfin hisslərini kiçildə, manipulyasiyaya meyilli ola bilərlər. Narsist insanlar münasibətdə qarşı tərəfin özünəinamını zəiflədə, onu günahkar hiss etdirə və emosional olaraq idarə etməyə çalışa bilərlər. Toksik və narsistik davranışlar münasibətlərdə ən çox psixoloji yorğunluğa səbəb olan hallardandır”.
Psixoloq qeyd edib ki, bu tip insanlarda xəyanət və aldatma davranışları da tez-tez müşahidə olunur:
“Bəzi toksik və narsistik insanlara nə qədər sevgi, hörmət və diqqət göstərilsə də, onlar təsdiq və diqqət ehtiyacını başqa insanlardan almağa çalışırlar. Gizli yazışmalar edə, davranışlarını gizlətməyə çalışa, yalan danışmağı normallaşdıra və qarşı tərəfi ‘şübhəcil’ kimi göstərməyə çalışa bilərlər. Onlar çox vaxt qarşı tərəfin özünəinamını zəiflədərək münasibətdə üstünlük qurmağa çalışırlar. Bu isə insanın özünü dəyərsiz, yorğun və davamlı stress içində hiss etməsinə səbəb olur. Belə hallarda psixoloji şiddətin ciddi fəsadları ortaya çıxır”.
Z.Quliyeva insanlara tövsiyə edib ki, bu tip münasibətlərdə öz hisslərini kiçiltməsinlər və davamlı manipulyasiyanı normallaşdırmasınlar:
“Özünüzü daim günahlandırmayın, psixoloji sağlamlığınızı ön planda tutun. Sağlam münasibətdə hörmət, dürüstlük, güvən və emosional təhlükəsizlik olmalıdır”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
