Bu gün Bakıda həm magistratura imtahanının keçirilməsi, həm Ümumdünya Şəhərsalma Forumunun (WUF13) start götürməsi, həm də eyni vaxtda yağan güclü yağış paytaxt nəqliyyatını tamamilə iflic edib. Günlər öncədən edilən bütün xəbərdarlıqlara və imtahanın vaxtının dəyişdirilməsi ilə bağlı təkliflərə baxmayaraq, Dövlət İmtahan Mərkəzinin (DİM) geri addım atmaması yüzlərlə gəncin aylarla çəkdiyi əziyyətin qurban verilməsi ilə nəticələnib.
Baş verən idarəçilik böhranı və tələbələrin kütləvi şəkildə imtahandan kənarda qalması ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti, Əmrah Həsənli “Paraqraf.com”-a bildirib ki, mövcud mənzərəni qurumun vətəndaşa qarşı uzaqgörənsizliyi və plansızlığı kimi qiymətləndirib:
“Bu gün magistratura imtahanı keçirildi. Paytaxtda isə həm güclü yağış yağdı, həm də beynəlxalq şəhərsalma forumu (WUF13) başladı. Hələ bir müddət əvvəldən hamı bilirdi ki, yollar kilidlənəcək, DİM-ə imtahanın vaxtını dəyişmək təklif olunmuşdu. Amma dəyişmədilər!
Nəticə? Aylarla əziyyət çəkən yüzlərlə gənc imtahan zalında yox, tıxaclarda, bağlanan yollarda qaldı. İmtahana gecikən, qapıdan içəri buraxılmayan o uşaqların batırılan gələcəyinin məsuliyyəti birbaşa Dövlət İmtahan Mərkəzinin üzərindədir!
İndi çıxıb kimsə ‘evdən tez çıxsaydınız’ deyə camaatı qınamağa çalışmasın. Camaatı qınamaq yox, başa düşmək lazımdır. Amma başa düşmək üçün də bəzilərinə ilk növbədə baş lazımdır!
Bu boyda uzaqgörənsizlik, bu boyda plansızlıq olmaz. Dövlət qurumu vətəndaşın işini asanlaşdırmaq üçün var, onun gələcəyinə baryer olmaq üçün yox. DİM bu gün öz inadkarlığının qurbanı etdiyi hər bir gəncin qarşısında cavab verməlidir! Tıxacda qalan nəqliyyat deyil, sizin idarəçiliyinizdir!”
Həsən
Paraqraf.com
![]()
