Qazaxıstan və Türkiyə ikitərəfli ticarət dövriyyəsini 10 milyard ABŞ dollarına çatdırmaq niyyətindədir.
Paraqraf.com-un “24KZ”yə istinadən verdiyi xəbərə görə, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin İnvestisiyalar Komitəsinin sədri Qabidulla Ospankulov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Astanaya səfərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, dövlət başçıları, hökumətlər, nazirliklər və regionlar arasında intensiv əlaqələr işgüzar əlaqələrin fəal inkişafı ilə müşayiət olunur.
“Belə danışıqlar çərçivəsində yeni investisiya layihələri meydana çıxır. Ötən il Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türkiyəyə səfəri zamanı biznes-forum keçirilib və onun yekunları üzrə dəyəri 500 milyon ABŞ dollarından çox olan sənədlər imzalanıb”, – Ospankulov qeyd edib.
O vurğulayıb ki, Türkiyə Qazaxıstanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. “Ötən il qarşılıqlı ticarətin dəyəri 5 milyard ABŞ dollarını ötüb. Yeni iddialı hədəf bu göstəricini 10 milyard ABŞ dollarına çatdırmaqdır”, – komitə sədri bildirib.
Qazaxıstanda Türkiyə kapitallı 5 mindən çox şirkət fəaliyyət göstərir, son 20 ildə ölkə Qazaxıstan iqtisadiyyatına ümumilikdə 6 milyard ABŞ dollarından çox sərmayə qoyub.
Öz növbəsində politoloq Tair Niqmanov isə qeyd edib ki, Türkiyə Qazaxıstanın sabit tərəfdaşıdır, bu ölkə ilə təhsil və biznes əlaqələri fəal şəkildə inkişaf etdirilir.
Onun sözlərinə görə, Türkiyə Qazaxıstanın ümumi ticarət dövriyyəsinin təxminən 4 %-ni təmin edir, son bir ildə isə ikitərəfli ticarət təxminən yarım milyard dollar artıb.
Ekspert həmçinin əməkdaşlığın nəqliyyat-logistika istiqamətini vurğulayıb. “Ötən il Qazaxıstan və Türkiyə arasında dəmir yolu ilə təxminən 6,5 milyon ton məhsul daşınıb. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafına xüsusi diqqət yetirilir”, – Niqmanov bildirib.
Marşrutun gələcək inkişaf perspektivlərini şərh edən politoloq Zəngəzur dəhlizi məsələsinin həllinin vacibliyinə diqqət çəkib: “Orta Dəhliz bu və ya digər şəkildə Türkiyə ilə bağlıdır. Gələcəkdə Zəngəzur dəhlizi məsələsinin həll olunacağı təqdirdə logistika da Türkiyə ərazisindən keçəcək: Xəzər dənizi, Azərbaycan, Ermənistan və nəhayət, Türkiyə”.
Nəşr yazır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Astanaya hazırkı səfəri əməkdaşlığın dərinləşdirilməsi kursunun məntiqi davamı olacaq və tərəflərə iqtisadiyyatın müxtəlif sahələrində yeni razılaşmalara nail olmağa imkan verəcək.
Paraqraf.com
![]()
