Vətəndaşlar mənzil alarkən bəzən ciddi problemlərlə üzləşirlər. Belə hallarda eyni mənzilin bir neçə şəxsə satılması uzunmüddətli hüquqi mübahisələrə səbəb olur. Bundan başqa, çıxarışda göstərilən mənzil sahəsi ilə faktiki vəziyyət arasında uyğunsuzluqlar da müşahidə edilir. Bəzi qeyri-peşəkar vasitəçilər və maklerlər isə vətəndaşları yanlış istiqamətləndirərək riskli seçimlərlə qarşı-qarşıya qoyurlar.
Əmlak eksperti Elnur Azadov “Paraqraf.com”a bildirib ki, istehlakçılar daşınmaz əmlak alarkən müəyyən riskləri nəzərə almalıdırlar:

“Azərbaycan qanunvericiliyinə əsasən, daşınmaz əmlakın dövriyyəsi həmin əmlakın çıxarışı əsasında həyata keçirilməlidir. Çıxarış olmadığı halda alqı-satqı yalnız müqavilə əsasında aparılır və bu zaman müəyyən risklər yaranır. Xüsusilə tikinti şirkətləri tərəfindən bir mənzilin bir neçə şəxsə satılması halları mümkündür. Hazırda hüquqi normativ baza bu kimi hallardan tam qorunmaq üçün yetərincə təkmilləşməyib.
Çıxarışlı mənzillərdə risk daha az olur. Tikinti şirkətlərindən mənzil alarkən nəzərə almaq lazımdır ki, satış zamanı mənzilin sahəsinə divarlar da daxil edilir”.
Ekspert qeyd edib ki, qanunsuz tikililərdə qiymətlər daha aşağı olur:
“Bu sahə tam qanunla tənzimlənmir və müəyyən risklər daşıyır. Son illərdə icazə verilən ərazilərdə çoxsaylı evlər tikilib. Lakin həmin ərazilər əsasən yaşayış üçün nəzərdə tutulmayıb. Evlər layihəyə uyğun inşa edilmədiyindən zamanla çatlar yarana bilər. Bu tikililər qanunsuz hesab olunduğu üçün onların gələcəkdə çıxarışla təmin olunacağı da hələ açıq məsələdir. Hansı evlərin leqallaşdırılacağı bəlli deyil”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
