Bakı Dəmir Yolu Vağzalının sanitar qovşaqlarından istifadə ödənişli olub.
Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev “Paraqraf.com”a bildirib ki, Bakı Dəmir Yolu Vağzalının sanitar qovşaqlarında əsaslı təmir işləri aparılıb.

Sanitar-epidemioloji tələblər çərçivəsində gigiyenik şəraitin təmin olunması məqsədilə təmirdən sonra bu obyektlərdən istifadə üçün ödənişli sistemin tətbiqinə başlanıb. Hazırda bu məbləğ 50 qəpik olaraq müəyyən edilib.
Sanitar qovşaqların ödənişsiz olduğu əvvəlki dövrlərdə bu məkanlardan nizamsız və təyinatdankənar istifadə nəticəsində antisanitar vəziyyət yaranır və bu da sərnişinlərin haqlı narazılığına səbəb olurdu.
Turniket sisteminin quraşdırılması ilə bu kimi xoşagəlməz halların qarşısı alınıb, sözügedən obyektlərdə təmizlik və gigiyenanın təmin edilməsi üçün nəzarət gücləndirilib.
Qeyd edilib ki, hazırda bu sistem yalnız Bakı Dəmir Yolu Vağzalında tətbiq edilir.
Nəqliyyat eksperti Adil Nəbiyev isə bildirib ki, Bakı Dəmir Yolu Vağzalında sanitar qovşaqların ödənişli olmasının əsas səbəbi bu obyektlərin daim təmiz, gigiyenik və işlək vəziyyətdə saxlanılması üçün əlavə xidmət və saxlanma xərclərinin yaranması ilə izah olunur:

“Son illərdə insanların ən çox narazı qaldığı məsələlərdən biri ictimai tualetlərin natəmiz vəziyyətdə olması, qoxu, nasazlıq və lazımi gigiyenik şəraitin təmin edilməməsi idi. Xüsusilə vağzal kimi gün ərzində minlərlə insanın istifadə etdiyi ərazilərdə sanitar qovşaqların saxlanılması ciddi xərc tələb edir. Buraya fasiləsiz təmizlik işləri, dezinfeksiya, su və elektrik xərcləri, texniki qulluq, gigiyenik vasitələrin təmin olunması və əməkdaşların fəaliyyəti daxildir. Ödənişli sistemin tətbiq olunmasının əsas məqsədi həm bu xərclərin müəyyən hissəsini qarşılamaq, həm də istifadəçilərin obyektə daha məsuliyyətli yanaşmasını təmin etmək kimi göstərilir. Çünki tam pulsuz olan bəzi ictimai sanitar qovşaqlarda avadanlıqların zədələnməsi, natəmizlik və qeyri-səliqəli istifadə halları daha çox olur”.
O əlavə edib ki, bəzi ölkələrdə dəmir yolu stansiyalarında və hava limanlarında ödənişli sanitar qovşaqlar geniş tətbiq olunur:
“Bu model isə daha keyfiyyətli xidmətin saxlanılması üçün istifadə edilir. Bu qərarla bağlı cəmiyyətdə fərqli fikirlər də mövcuddur: Bir qisim insan hesab edir ki, vağzal kimi ictimai və strateji obyektlərdə sanitar qovşaqlardan istifadə pulsuz olmalıdır. Çünki bu, əsas insan ehtiyacıdır və sərnişinlər artıq biletlər və digər xidmətlər üçün ödəniş edirlər.
Digər tərəfdən isə bəzi insanlar düşünürlər ki, əgər ödəniş müqabilində həqiqətən təmiz, təhlükəsiz və normal şərait yaradılırsa, müəyyən məbləğin alınması başadüşüləndir. Əsas məsələ tətbiq olunan ödənişin qarşılığında vətəndaşa real keyfiyyətli xidmət göstərilməsi, sanitar şəraitin daim qorunması və insanların narazılığına səbəb olacaq vəziyyətlərin yaranmamasıdır”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
