Ümummilli Lider Heydər Əliyevin doğum günü ilə əlaqədar Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Çindəki səfirliyinin təşkilatçılığı xeyriyyə tədbiri keçirilib.
Paraqraf.com xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
Mərasimdə çıxış edən Səfir Bünyad Hüseynov bildirib ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın uğurlu xarici siyasətinin təməlini yaradıb, çevik manevrlər və taktiki gedişlər ilə ölkəmizin beynəlxalq münasibətlər sistemində yerini və prioritetlərini müəyyən edib.
O vurğulayıb ki, Azərbaycanla Çinarasında münasibətlər isə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib:
“Ümummilli Lider Heydər Əliyev həmçinin, fəaliyyətinin bütün dövrlərində mərhəməti, humanizmi və mənəvi dəyərləri hər şeydən uca tutub. Təsadüfi deyil ki, Heydər Əliyev Fondu da bu gün öz fəaliyyətini məhz Ümummilli Liderin sadiq olduğu humanizm prinsipləri əsasında qurub. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın təşəbbüsləri göstərir ki, xeyriyyəçilik yalnız yardım göstərmək deyil, həm də ümid yaratmaq, insanlara inam aşılamaqdır. Müxtəlif ölkələrdə həyata keçirilən humanitar layihələr Azərbaycanın dünyada humanizm və həmrəylik dəyərlərinin daşıyıcısı kimi təqdim edir”.
Daha sonra Səfirliyin əməkdaşları xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial reabilitasiya və adaptasiya xidmətləri göstərən, onların cəmiyyətə inteqrasiyasına dəstək verən “Pekin Uşaq Rifah İnstitutu”nu ziyarət ediblər. “Pekin Uşaq Rifah İnstitutu”nun rəhbəri Heydər Əliyev Fondunun xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək bildirib ki, mərhəmət dolu belə təşəbbüsə görə Heydər Əliyev Fonduna və Azərbaycan xalqına minnətdarıq.
Sonda müəssisədə müalicə alan uşaqların məşğulluğu üçün xüsusi lövhələr və süni intellekt əsasında hazırlanmış nağıl danışa və rəqs edə bilən edən oyuncaqlar təqdim edilmişdir.
Paraqraf.com
![]()
