ABŞ dəniz blokadasını Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb.
Paraqraf.com xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat İdarəsinin “X” sosial media hesabında edilən paylaşımda bildirilib.
“Tramp hökuməti “dünya enerjisini idarəetmə” strategiyasından “pozucu fəaliyyət”ə yönəldi və Çin, Rusiya və Avropanı zəiflətmək üçün geniş pozucu layihənin bir hissəsi kimi dəniz blokadası başlatdı”, – paylaşımda qeyd olunub.
“Lakin 20 gün keçdikdən sonra Ağ Evdə bu qiymətləndirmə dərinləşir ki, layihə uğursuz olub və Tehran “pozucu fəaliyyətə qarşı koalisiya”nın mərkəzinə çevrilib”, – SEPAH-ın Kəşfiyyat İdarəsi vurğulayıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.
Media yazıb ki, aprelin 27-də İslamabadda, İran və ABŞ arasında danışıqların növbəti raundu keçirilməli idi və bunu Ağ Ev də təsdiqləmişdi. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner şənbə günü İslamabada uçmalı idilər, lakin bundan qısa müddət əvvəl Tramp öz nümayəndələrinin Pakistana səfərini ləğv etdiyini bildirib.
Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.
Paraqraf.com
![]()
