ABŞ tərəfindən İran limanlarının hərbi-dəniz blokadası Fars körfəzindəki problemləri daha da ağırlaşdıracaq və Vaşinqton yekunda qarşıya qoyulmuş məqsədlərə çatmayacaq.
Paraqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.
“Dəniz blokadası və ya məhdudiyyətlər tətbiq etmək üçün istənilən cəhd beynəlxalq hüquqa ziddir… və iflasa məhkumdur”, – Pezeşkian deyib.
O əlavə edib ki, bu cür tədbirlər nəinki regional təhlükəsizliyi gücləndirə bilməyəcək, həm də faktiki olaraq gərginlik mənbəyinə çevriləcək və Fars körfəzində uzunmüddətli sabitliyi sarsıdacaq.
ABŞ İranla müharibəni dayandıran atəşkəsdən bir neçə gün sonra, aprelin 13-də İran limanlarının və sahil xəttinin hərbi-dəniz blokadasını tətbiq edib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail bir sıra şəhərlərə aviazərbələr endirərək İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib, ABŞ-nin Fars körfəzi ölkələrindəki hərbi bazalarına hücum edib.
2026-cı il aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Uzun çəkən müzakirələrdən sonra tərəflər görüşü razılıq əldə etmədən başa çatdırıblar.
Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. İran bildirib ki, Hörmüz Fars körfəzi ölkələrinə gedən gəmilər üçün artıq bağlanıb. Regiondakı vəziyyət dünya enerji böhranına səbəb olub.
Paraqraf.com
![]()
