Derya Group və Koalisiya Production birgə təşkilatçılığı ilə keçirilən “Ümumrespublika Təhsil Forumu” Bakı şəhərində yerləşən World Business Center-də baş tutdu. Tədbir ölkənin müxtəlif bölgələrindən olan müəllimləri, təhsil ekspertlərini, akademik nümayəndələri, media təmsilçilərini və tələbələri bir araya gətirərək aktual təhsil məsələlərinin müzakirəsi üçün geniş platforma yaratdı.
Forumun açılışını Dərya Group-un icraçı direktoru, Paraqraf.com xəbər portalının baş redaktoru, Koalisiya Production-un rəhbəri, media və yaradıcı layihələr üzrə təşkilatçı edərək çıxışında müasir dövrdə təhsil sahəsində dialoq və əməkdaşlığın əhəmiyyətini vurğuladı. O qeyd etdi ki, bu cür forumlar yalnız fikir mübadiləsi deyil, eyni zamanda praktik yanaşmaların formalaşmasına və real nəticələrin əldə olunmasına xidmət edir. Çıxışında o, təhsilin cəmiyyətin inkişafındakı strateji rolunu xüsusi olaraq diqqətə çatdırdı.
Milli Məclisin deputatı, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Ceyhun Məmmədov çıxışında milli-mənəvi dəyərlərin qorunmasının təhsilin əsas istiqamətlərindən biri olduğunu qeyd etdi. O bildirdi ki, “gənclərin milli kimlik şüurunun formalaşdırılması yalnız dərs proqramı ilə deyil, müəllimin şəxsi nümunəsi və məktəb mühiti ilə sıx bağlıdır” və bu istiqamətdə sistemli yanaşmanın vacibliyini vurğuladı.
Pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov müasir təhsil sistemində baş verən dəyişikliklərdən bəhs edərək müəllimin rolunun daha da genişləndiyini qeyd etdi. Onun sözlərinə görə, “müasir müəllim təkcə bilik ötürən deyil, eyni zamanda şagirdin inkişafına yön verən, onu düşünməyə təşviq edən lider fiqurdur”. O, innovativ yanaşmaların tətbiqinin vacibliyini xüsusi olaraq vurğuladı.
Azərbaycan Dillər Universitetinin professoru Bənövşə Məmmədova ali təhsildə keyfiyyət təminatı məsələlərinə toxunaraq müəllim məsuliyyətinin bu sahədə həlledici rol oynadığını bildirdi. O qeyd etdi ki, “keyfiyyətli təhsil davamlı inkişaf və öz üzərində işləmə tələb edir” və bu prosesdə həm müəllimlərin, həm də təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğuladı.
Bakı Dövlət Universitetinin doktorantı, psixoterapevt Dilbər Bəhmənli çıxışında müəllim-valideyn münasibətlərində psixoloji balansın qorunmasının əhəmiyyətindən danışdı. O bildirdi ki, “uşağın sağlam inkişafı üçün müəllim və valideyn arasında qarşılıqlı anlayış və düzgün ünsiyyət əsas şərtdir” və bu balansın pozulmasının mənfi təsirlərə səbəb ola biləcəyini qeyd etdi.
Forum çərçivəsində iştirak edən özəl qonaqlar da aktual mövzular ətrafında maraqlı fikirlər səsləndirdi. Xarici dil üzrə ekspert Mələkxanım Yusifli dil öyrənmədə kommunikativ yanaşmanın vacibliyini vurğuladı və qeyd etdi ki, real ünsiyyət mühiti olmadan dil bacarıqlarının inkişafı məhdud qalır. Təhsil eksperti Məzahir Məmmədli təhsil sistemində davamlı islahatların və düzgün strateji yanaşmanın önəmini diqqətə çatdırdı. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Qalib Qasımov çıxışında mədəniyyət və incəsənətin təhsil prosesində rolundan danışaraq tələbələrin yaradıcılıq potensialının inkişafının vacibliyini qeyd etdi. 161 nömrəli məktəbin direktoru Rəna Hüseynova məktəb idarəçiliyində effektiv yanaşmaların tətbiqinin tədrisin keyfiyyətinə birbaşa təsir etdiyini bildirdi. Jurnalist və paraqraf.com-un təsiscisi Türkan Səfərova isə media və təhsil münasibətlərinə toxunaraq maarifləndirici kontentin cəmiyyət üçün əhəmiyyətini vurğuladı.
Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyəti sosial platformasının ifaçıları çıxış edərək tədbir iştirakçılarına xüsusi ab-hava bəxş etdi və proqramın ümumi axıcılığına estetik rəng qatdı.
Forum interaktiv müzakirələr, fikir mübadiləsi və iştirakçıların suallarının cavablandırılması ilə davam etdi. Tədbir iştirakçıları arasında yeni əməkdaşlıq imkanları, gələcək layihələr və birgə təşəbbüslər də müzakirə olundu.
Sonda forum iştirakçılarına rəsmi sertifikatlar təqdim olundu. “Ümumrespublika Təhsil Forumu” təhsil sahəsində aktual problemlərin müzakirəsi, yeni yanaşmaların təqdim olunması və müxtəlif tərəflər arasında dialoqun gücləndirilməsi baxımından əhəmiyyətli platforma kimi yadda qaldı.

Paraqraf.com
![]()
