Dağıstanın 3 kəndində Dərbənd və Tsumadin rayonlarında baş verən sürüşmə nəticəsində 3 mindən çox sakin qaz təchizatından məhrum olub.
Paraqraf.com Rusiya xəbər saytlarına istinadən xəbər verir ki, bu barədə region üzrə Rusiya Fövqəladə Hallar Baş İdarəsinin mətbuat xidməti bildirib.
“Uçqun, çökmə və sürüşmə prosesləri nəticəsində 2 bələdiyyə rayonunda 3 yaşayış məntəqəsi, 887 ev və 3194 nəfər (onlardan 1153-ü uşaqdır) qazsız qalıb, həmçinin 5 sosial əhəmiyyətli obyekt də zərər görüb”, – məlumatda qeyd olunub.
Mətbuat xidmətindən bildirilib ki, qaz təchizatının 22 aprelədək bərpa olunması planlaşdırılır. Qəza yerində qaz xidmətlərinin 3 briqadası işləyir, 35 mütəxəssis və 8 texnika cəlb olunub.
Xatırladaq ki, martın sonu və aprelin əvvəlində Dağıstanda güclü leysan bir neçə rayonda daşqınlara və yaşayış evlərinin dağılmasına səbəb olub. Məlumata görə, respublikada 6 nəfər ölüb. Ümumilikdə 1,5 milyonadək insan fövqəladə vəziyyət zonasına düşüb.
Paraqraf.com
![]()
