Müasir dövrdə qloballaşma və miqrasiya nəticəsində bir çox ailələrdə valideyn və övladlar fərqli ölkələrdə yaşayır. Bu isə ailədaxili münasibətlərdə yeni suallar yaradır, xüsusilə yaşlanan valideynlərin övlad dəstəyinə ehtiyacı artdıqca.
Digər tərəfdən, yetkin yaşına çatmış şəxslərin öz həyatlarını sərbəst şəkildə qurmaq, yaşayış yerini və fəaliyyət istiqamətini seçmək hüququ qanunvericiliklə qorunur. Bu iki yanaşma – valideynin mənəvi gözləntiləri və övladın fərdi azadlıqları – bəzən ziddiyyət təşkil edir.
Bəs yetkin yaşına çatmış, xarici ölkədə yaşayan övladı valideynin yanında yaşamağa və ona mənəvi qayğı göstərməyə hüquqi yolla məcbur etmək mümkündürmü?
Mövzu ilə bağlı hüquqşünas, ekspert Mədinə Leqayeva “Paraqraf.com”a açıqlamasında bildirib ki, belə bir məcburiyyət hüquqi baxımdan mümkün deyil:

“Yetkin şəxslər yaşayış yerini sərbəst seçmək hüququna malikdirlər. Buna görə də övladın valideynlə yaşamasını məcbur etmək olmaz. Lakin valideyn əmək qabiliyyəti yoxdursa və maddi dəstəyə ehtiyacı varsa, övladın aliment vermək öhdəliyi yaranır. Mənəvi qayğı və emosional dəstək hüquqi deyil, daha çox ailə dəyərləri və vicdan məsələsidir.
Nəticə etibarilə, yetkin övladı valideynlə yaşamağa məcbur etmək mümkün deyil, lakin maddi öhdəlik qanunla tənzimlənir”.
Nigar Rüstəmzadə
Paraqraf.com
![]()
