Minimum əməkhaqqı iqtisadi siyasətin ən çox müzakirə olunan alətlərindən biridir və həm işçilərin rifahına, həm də biznes mühitinə birbaşa təsir göstərir. Dövlət tərəfindən müəyyən edilən minimum əməkhaqqının artırılması aşağı gəlirli təbəqənin həyat səviyyəsini yaxşılaşdırmağı hədəfləsə də, bu qərarın iqtisadiyyatda daha geniş və mürəkkəb nəticələri də ortaya çıxa bilər. Bəzi iqtisadçılar bunun alıcılıq qabiliyyətini artıraraq iqtisadi aktivliyi stimullaşdırdığını qeyd edir, digərləri isə işsizliyin artması və biznes xərclərinin yüksəlməsi kimi mənfi təsirlərə diqqət çəkir.
Bəs minimum əməkhaqqının artırılması iqtisadiyyata ümumilikdə müsbət təsir göstərir, yoxsa mənfi nəticələr doğurur?
Mövzu ilə bağlı iqtisadçı ekspert Razi Abbasbəyli “Paraqraf.com”a açıqlamasında bildirib ki, minimum əməkhaqqı qəbul edilmiş normalara əsasən inflyasiya səviyyəsinə uyğun şəkildə müəyyən olunur:

“Dövlət büdcəsi hər il proqnozlaşdırılarkən gözlənilən inflyasiya nəzərə alınır və vətəndaşların sosial vəziyyətini qorumaq məqsədilə əməkhaqqında artımlar edilir. Əsas məqsəd insanların alıcılıq qabiliyyətinin inflyasiyanın təsiri altında azalmamasıdır. Bu, əsas hədəflənmiş strategiyalardan biridir.
Lakin minimum əməkhaqqının artırılması müəyyən edilmiş həddə olmalıdır. Əgər artım inflyasiya səviyyəsindən yüksək olarsa, bu, yenidən inflyasiyanın artmasına səbəb ola bilər”.
Ekspert qeyd edib ki, cari ildə Azərbaycanda minimum əməkhaqqı ötən ilin səviyyəsində saxlanılıb və hələlik artım baş verməyib:
“Halbuki bazarda inflyasiya təsirləri artıq hiss olunur. İlin birinci yarısı başa çatmaq üzrədir, lakin minimum əməkhaqqında artım yoxdur.
Real inflyasiya təsirləri vətəndaşların gündəlik xərclərində özünü göstərir və bu da müəyyən çətinliklər yaradır. Yeni qəbul edilən qanunvericiliyə əsasən hökumət artıq il ərzində büdcəyə iki dəfəyə qədər dəyişiklik edə bilər. Bu isə minimum əməkhaqqının ilin ortasında artırılması üçün imkan yaradır. Bu dəyişikliklər minimum əməkhaqqının ilin ikinci yarısında artırılmasına şərait yarada bilər”.
R.Abbasbəyli həmçinin qeyd edib ki, vözləntilər ondan ibarətdir ki, artım ən azı 10 faiz səviyyəsində olacaq:
“Neft qiymətlərinin yüksək olması da bu artımı dəstəkləyən əsas amillərdəndir. Son aylarda neft qiymətlərinin proqnozlardan yüksək olması büdcə gəlirlərini artırıb. Bu isə hökumətə əlavə maliyyə imkanları yaradır. Minimum əməkhaqqının artırılması sahibkarlar üçün əlavə maliyyə yükü yarada bilər və bu zaman dövlət tərəfindən dəstək mexanizmləri tətbiq olunmalıdır. Vergi güzəştləri və digər kompensasiyaedici addımlar atılarsa, işəgötürənlərin yükü azaldılar və proses daha balanslı şəkildə həyata keçirilə bilər”.
Nigar Rüstəmzadə
Paraqraf.com
![]()
