Bu ilin yanvar-fevral aylarında Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxs ölkədə ümumilikdə 368 milyon 403 min manat xərcləyib.
Paraqraf.com-un əldə etdiyi məlumata görə, turistlərin xərcləri ötən ilin eyni dövrünə nisbətən 8,4 % azalıb.
Xərclərin strukturunda nəqliyyat xidmətləri ən böyük paya malikdir. Belə ki, turistlər iki ay ərzində nəqliyyata 170 milyon 262 min manat vəsait sərf ediblər ki, bu da illik müqayisədə 7,8 % azalma deməkdir.
Son 1 ildə yerləşmə xidmətlərinə çəkilən xərclər isə 20,1 % azalaraq 67 milyon 355 min manat təşkil edib.
Turistlər qidalanmaya 70 milyon 470 min manat xərcləyiblər ki, bu da bir il əvvələ nisbətən 4 % azdır.
Bununla yanaşı, mədəniyyət sahəsində çəkilən xərclər 16 % artaraq 1 milyon 914 min manat təşkil edib.
Turizm zərfinin alınmasına isə 161,2 min manat xərclənib. Ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 % azalıb.
Nəqliyyat vasitələrinin icarəsinə 579,2 min manat (+5,6 %), idman və əyləncə xidmətlərinə 1 milyon 714 min manat (+0,1 %), malların və hədiyyələrin alınmasına 42 milyon 330 min manat (+ 4 %), digər istiqamətlərə isə 13 milyon 613 min manat (−4,8 %) xərclənib.
Ölkələr üzrə bölgüyə gəlincə, ən çox xərci Rusiyadan gələn turistlər edib. Onların xərcləri il ərzində 7,7 % azalaraq 85 milyon 765 min manat təşkil edib.
Türkiyədən gələn turistlərin xərcləri 48 milyon 28 min manat olub ki, bu da illik müqayisədə 3,6 % artım deməkdir. Hindistandan səfər edənlərin xərcləri isə 2 dəfə azalaraq 31 milyon 738 min manata enib.
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 163 ölkədən 337,3 min əcnəbi vətəndaş səfər edib, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % azdır.
Gələnlərin 23,2 %-i Rusiya, 21,1 %-i Türkiyə, 9 %-i İran, 5 %-i Gürcüstan, 4,6 %-i Hindistan, 3,7 %-i Pakistan, 3,6 %-i Qazaxıstan, 3,2 %-i Səudiyyə Ərəbistanı, 2,9 %-i Özbəkistan, 2,6 %-i İsrail, 2 %-i Çin, hər birindən 1,4 % olmaqla Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Ukrayna, hər birindən 1,3 % olmaqla Böyük Britaniya və Türkmənistan, 12,3 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 72 %-ini kişilər, 28 %-ini qadınlar təşkil edib.
Paraqraf.com
![]()
