Sumqayıt şəhərində, SDU-nun (Sumqayıt Dövlət Universitetinin) yaxınlığında yerləşən “Tinder Baku” adlı geyim mağazasının Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən möhürlənməsi şəhər ictimaiyyətinin diqqətini çəkib. Ticarət obyektinin fəaliyyətinin dayandırılması həm tələbələr, həm də ərazidə yaşayan sakinlər arasında suallar yaradıb.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən “Paraqraf.com”un sorğusuna cavab olaraq bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, 43-cü məhəllə ünvanında yerləşən “Tinderyol Baku” geyim mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Belə ki:
-elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;
-obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;
-yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib edilməyib və obyekt köçürmə çıxışları ilə təmin olunmayıb;
-yanğınxəbərverici siqnalizasiya sisteminin sazlığı barədə sınaq protokolu təqdim olunmayıb;
-obyektdə yanğın su hovuzu mövcud deyil;
-obyektin daxilində yanan əşyalar pərakəndə şəkildə saxlanılır;
-mövcud havalandırma sisteminin istismara yararlılığı barədə müvafiq sənədlər təqdim olunmayıb;
-obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb;
-obyektin istismarının Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılması barədə sənəd təqdim olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd edilib ki, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Sumqayıt şəhəri, 43-cü məhəllə ünvanında yerləşən “Tinderyol Baku” geyim mağazasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
