Son illərdə ənənəvi iş modelləri ilə yanaşı, daha çevik və müstəqil işləmə forması kimi freelance fəaliyyəti sürətlə yayılır. Rəqəmsal platformalar sayəsində insanlar ofisə bağlı olmadan müxtəlif ölkələrdən sifarişlər qəbul edərək gəlir əldə edirlər və bu model xüsusilə gənclər üçün cəlbedici hesab olunur.
Bununla belə, sabit gəlirin olmaması və sosial təminat məsələləri bu sahədə əsas çətinliklər olaraq qalır.
Bəs freelance iqtisadiyyatı gələcəyin əsas gəlir modelinə çevrilir, yoxsa bu, sadəcə müvəqqəti trenddir?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Eyyub Kərimli “Paraqraf.com”a bildirib ki, dünyada freelance iş istiqamətində ciddi trendlər formalaşmaqdadır:

“Bu model getdikcə həyatın bir normasına və əmək məşğulluğunun geniş yayılmış formasına çevriləcək. Freelance iş gələcəkdə daha çox sahəni əhatə edəcək və bu istiqamətə maraq günbəgün artacaq. Çünki insanlar iş şəraitini daha müstəqil şəkildə formalaşdıra bilirlər. Eyni zamanda bu model müəyyən qənaət imkanları yaradır və işəgötürənlərin xərclərini azaldır. Qanunvericilik səviyyəsində bu sahə tənzimləndikdən sonra freelance iş forması gələcəyin əsas modellərindən birinə çevriləcək və getdikcə daha çox iş yerləri bu yanaşmaya üstünlük verəcək”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
