ABŞ Prezidenti Donald Trump Hörmüz boğazı ilə bağlı səsləndirdiyi fikirlərlə beynəlxalq enerji təhlükəsizliyi və qlobal məsuliyyət məsələsini yenidən gündəmə gətirib. Onun sözlərinə görə, ABŞ artıq bu strateji keçiddən birbaşa asılı deyil və əsas məsuliyyət məhz buradan neft daşıyan və idxal edən ölkələrin üzərinə düşür. Bu yanaşma dünya enerji balansında dəyişən güc münasibətlərini və yeni reallıqları açıq şəkildə ortaya qoyur.
Bəs ABŞ-nin bu mövqeyi qlobal enerji təhlükəsizliyinə necə təsir edəcək və Hörmüz boğazı üzərində məsuliyyət kimlərin üzərinə düşəcək?
Siyasi şərhçi Elmir Səftərov “Paraqraf.com”a bildirib ki, ABŞ bu marşrutla daşınan neftin yalnız kiçik bir hissəsini idxal edir:

“Lakin müşahidələr göstərir ki, hər hansı gərginlik zamanı Vaşinqtonun əsas şərtlərindən biri məhz bu boğaz ətrafında formalaşır. ABŞ-nin istədiyini tam şəkildə reallaşdıra bilməməsi isə alternativ ssenarilərin gündəmə gəlməsinə səbəb olur. Vaşinqton boğaz üzərində nəzarəti gücləndirmək, yaxud təhlükəsizlik adı altında əlavə iqtisadi və siyasi dividendlər əldə etmək niyyətindədir. Bu marşrutdan istifadə edən əsas enerji alıcılarından müəyyən öhdəliklər və pay tələb etmək də mümkün variantlar sırasındadır. ABŞ bu məsələni qabardaraq digər ölkələri də prosesə cəlb etməyə çalışır. Xüsusilə Çin, Yaponiya və Cənubi Koreya kimi böyük idxalçılar bu baxımdan əsas tərəflər hesab olunur. Bu səbəbdən Vaşinqton həmin ölkələri boğazda hərbi-dəniz iştirakına, təhlükəsizlik missiyalarına və birbaşa müdaxiləyə təşviq edir”.
O əlavə edib ki, Körfəz ölkələri həm ixracatçı, həm də təhlükəsizliyin təminində maraqlı tərəflər kimi daha çox maliyyə və infrastruktur yükü ilə üzləşə bilər:
“Bu tip bəyanatlar vasitəsilə ABŞ məsələni qloballaşdırmağa və məsuliyyəti paylaşdırmağa çalışır. Əslində isə bu, təsir imkanlarını genişləndirmək cəhdidir. Çünki ABŞ üçün iqtisadi və strateji maraqlar olmasaydı, Hörmüz boğazı ilə bağlı bu qədər fəal mövqe sərgilənməzdi”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
