Qalib Əhməd oğlu Qasımov 31 mart 1978-ci ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Zod kəndində anadan olub. Erkən yaşlarından incəsənətə, xüsusilə təsviri sənətə maraq göstərən Qasımov bu sahədə təhsil alaraq sənətşünas kimi formalaşıb və sonradan sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini əldə edib.
Peşəkar fəaliyyətinə dövlət qurumlarında başlayan Qalib Qasımov uzun illər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində çalışaraq sektor müdiri vəzifəsində (2006–2021) mühüm rol oynayıb. Bu dövrdə o, mədəniyyət siyasətinin həyata keçirilməsi, incəsənət layihələrinin təşkili və yaradıcı mühitin inkişafı istiqamətində aktiv fəaliyyəti ilə seçilib.
2017–2022-ci illərdə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru kimi fəaliyyət göstərən Qasımov bu qurumun fəaliyyətinin genişlənməsinə, müasir incəsənətin təşviqinə və beynəlxalq əməkdaşlıqların qurulmasına töhfə verib. Onun rəhbərliyi ilə müxtəlif sərgilər və layihələr həyata keçirilib.
Hazırda isə o, “Contemporary Baku” şirkətinin təsisçisi və direktoru kimi fəaliyyət göstərir, eyni zamanda “Auction Baku” platformasının yaradılması ilə ölkədə incəsənət bazarının inkişafına dəstək verir. Qalib Qasımov eyni zamanda Qərbi Azərbaycan İcmasının aparat rəhbəri kimi də fəaliyyət göstərir.
Qalib Qasımov həmçinin sənətşünas kimi elmi fəaliyyətlə də məşğul olur, müxtəlif tədqiqatlar və yazılarla çıxış edir. Onun fəaliyyəti Azərbaycan mədəniyyətinin qorunması və dünyada tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Paraqraf.com xəbər portalı olaraq Qalib Qasımovu doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, yeni uğurlar və gələcək fəaliyyətində daha böyük nailiyyətlər arzulayırıq.
Türkan Səfərova
Paraqraf.com
![]()
