Son günlərdə yağan güclü yağışlar yalnız yolları və həyətləri deyil, həm də bölgənin ümumi ekoloji balansını ciddi şəkildə pozub. Torpağın doyma həddini aşması, çayların səviyyəsinin artması, bəzi ərazilərdə isə sel və su basmalarının yaranması vəziyyətin nə qədər gərgin olduğunu göstərir.
Bəs yağışlardan sonra bizi hansı iqlim riskləri gözləyir?
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli “Paraqraf.com”a bildirib ki, güclü və uzunmüddətli yağıntılar ilk baxışda təbiətin “canlandığını” göstərsə də, bunun arxasında ciddi iqlim və ekoloji təhlükələr gizlənir:

“Torpağın həddindən artıq su ilə doyması onun strukturunu zəiflədir, eroziya riskini artırır və münbit torpaq qatının yuyulmasına gətirib çıxarır. Bu isə kənd təsərrüfatında məhsuldarlığın azalmasına səbəb ola bilər. Çay və su hövzələrində səviyyənin qalxması sel və daşqınlara yol açır. Nəticədə həm infrastruktur zərər görür, həm də suyun keyfiyyəti pisləşir. Çirkab suların qarışması içməli su ehtiyatlarını təhlükəyə salır və su ilə yayılan xəstəliklərin riskini yüksəldir.
Rütubət və temperatur dəyişiklikləri yerli ekosistemlərin tarazlığını poza bilər. Bəzi bitki və heyvan növləri bu dəyişikliklərə uyğunlaşmadığı üçün azalır, digərləri isə həddindən artıq çoxalaraq ekoloji balansı daha da zədələyir. Bu proses uzun müddətdə biomüxtəlifliyə mənfi təsir göstərir”.
Ekspert əlavə edib ki, bu tip ekstremal yağıntılar iqlim dəyişmələrinin bariz göstəricisi hesab olunur:
“Belə hadisələr tez-tez təkrarlanarsa, gələcəkdə daha qeyri-sabit hava şəraiti, ani temperatur dəyişiklikləri və mövsümlərin pozulması kimi risklər yarana bilər. Güclü yağışların təsiri yalnız qısamüddətli su basmaları ilə məhdudlaşmır — onlar daha geniş ekoloji və iqlim problemlərinin başlanğıcı ola bilər. Bu hadisələrin uzunmüddətli nəticələri mütləq nəzərə alınmalıdır”.
Həsən Məmmədov
Paraqraf.com
![]()
