Müasir dünyada sanksiyalar beynəlxalq siyasətin əsas təzyiq alətlərindən birinə çevrilib. Onlar dövlətlərin davranışını dəyişmək və siyasi qərarlara təsir göstərmək məqsədi daşısa da, praktikada nəticələr həmişə gözlənildiyi kimi olmur. Məsələn, uzun illərdir sanksiyalar altında olan İran ciddi iqtisadi çətinliklər yaşasa da, tam çökməyib və uyğunlaşma mexanizmləri formalaşdırıb. Rusiya da genişmiqyaslı sanksiyalara baxmayaraq, alternativ bazarlara yönəlməklə bu təzyiqi qismən kompensasiya edə bilib.
Bu reallıq fonunda əsas sual yaranır: sanksiyalar həqiqətən effektivdirmi, yoxsa sadəcə cəmiyyətlər üçün sosial yük yaradır?
İqtisadçı-ekspert, ReAl Partiyasının sədri Natiq Cəfərli “Paraqraf.com”a bildirib ki, müasir dövrdə sanksiyalar siyasətin alətinə çevrilib:

“Bu isə daha çox siyasi təzyiq aləti kimi istifadə olunur. Bir çox hallarda isə Ümumdünya Ticarət Təşkilatının qaydalarına, Beynəlxalq Ticarət əlaqələrinə mənfi təsir göstərir. Ona görə də buna iqtisadi amil kimi deyil, siyasi təzyiq kimi baxmaq lazımdır”.
O əlavə edib ki, sanksiyalardan yan keçməyin yolları da var:
“Yəni Rusiyaya qarşı sanksiyalar 2014-cü ildən tətbiq olunur. Dünyada ideya və pulun qarşısın kəsmək mümkün deyil. Yəni pul qazanmaq imkanları varsa, sanksiyadan yan keçmək imkanları yaranır. Amma bu da mal və xidmətlərin bahalaşmasına səbəb olur”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
