Son illərdə ölkədə kiçik bizneslərin sayında artım müşahidə olunsa da, onların böyük bir qismi qısa müddətdə fəaliyyətini dayandırır. Yeni açılan mağazalar, kafe və xidmət obyektləri bir neçə ay, bəzən isə bir neçə ildən sonra bazardan çıxır. Bu isə həm sahibkarlar, həm də ümumi iqtisadi mühit üçün ciddi suallar doğurur.
Bəs kiçik bizneslərin davamlılığını təmin etmək niyə bu qədər çətindir?
İqtisadçı- ekspert Fuad İbrahimov “Paraqraf.com”a açıqlamasında bildirib ki, hazırda Azərbaycanda orta və kiçik biznesin inkişafına əsas maneələrdən biri dövlət qurumlarının əsassız müdaxilələridir:

“Statistikada elə sahibkarlar var ki, təcrübəsiz olduğu üçün biznesini düzgün planlaşdıra bilmir. Amma bizneslərin 90%-nin bağlanmasının səbəbi dövlət orqanlarının yersiz müdaxilələridir. Bununla mübarizə aparmaq isə çox çətindir. Kim nə etmək istəsə, dərhal yerli icra hakimiyyətinin müxtəlif şöbələri (ümumi şöbə istisna olmaqla), şəhərsalma, vergi və digər qurumlar prosesə qoşulur”.
İqtisadçı- ekspert müqayisə üçün Qərb ölkələrindən nümunə də gətirir:
“Məsələn, Belçika və ya İsveçdə biznes obyektinə eyni qurumlar nəzarət edir, amma məmurlar sənədləri özləri hazırlayıb sahibkara təqdim edirlər ki, işinlə məşğul ol. Çünki məmur üçün də faydalıdır. Bank nümayəndələri isə yeni iş yerlərinin açılmasını dəstəkləmək üçün sahibkara faizsiz kredit təklif edir”.
Fuad İbrahimovun fikrincə, Azərbaycanda idarəetmə fəlsəfəsi dəyişməlidir:
“Kimsə hansısa rayonda şirkət açırsa, həmin rayonda fəaliyyət göstərən bütün dövlət orqanları bu şirkətə görə məsuliyyət daşımalıdır. Əgər şirkət əsassız səbəblərlə bağlanırsa, həmin qurumlar izahat verməlidir. Eyni rayonda 3–4 şirkət bağlanırsa, artıq məsul şəxslər vəzifədən kənarlaşdırılmalıdır. Çünki bu, həmin rayonda biznes mühitinin dəstəklənmədiyini göstərir. Sahibkar işləyə bilmir və mühit onu boğursa, dövlət qurumları cavabdeh olmalıdır”.
İqtisadçı- ekspert əlavə edib ki, yaxın vaxtlarda ölkədə yeni imkanlar açılacaq və işsizlik azalacaq:
“Xalqımız bacarıqlıdır. Cənab Prezident də bununla bağlı çıxışlar edir. Amma reallıqda vəziyyət dəyişmir. Bir nəfər tikintiyə başlamaq istəyən kimi müxtəlif qurumlar gəlib deyir: “Olmaz, dayan, saxla, get filankəslə danış!” Problem də buradan başlayır. Əvvəldən sahibkarlar üçün qaydalar aydın şəkildə müəyyən edilməlidir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
