Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 24
  • Deputat səhiyyənin problemlərini açdı: “Xəstəni inkubator kimi görürlər”

Deputat səhiyyənin problemlərini açdı: “Xəstəni inkubator kimi görürlər”

admin 24 Mart 2026 9 minutes read
1772193349195095669369a18645d0302
PAYLAŞIN:

Ölkədə həlli vacib olan bir sıra sosial problemlər var. 

Həmin problemlər sırasında əhalinin ən çox çətinliklərlə üzləşdiyi sahələrdən biri səhiyyədir. Hazırda həkim çatışmazlığı, dərman bahalığı kimi müxtəlif problemlər özünü göstərir.

Vətəndaşların bu istiqamətdə problemlərini Milli Məclisdə daha çox səsləndirən millət vəkillərindən biri Razi Nurullayevdir. Millət vəkilinə suallarımızı məhz bu sahədə mövcud problemlərlə bağlı ünvanladıq:

– Bu gün ölkədə TƏBİB, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta fəaliyyət göstərsə də, xüsusilə də bölgələrdə həkim çatışmazlığı özünü göstərir. Vətəndaşlar bölgələrdən Bakıya üz tutmalı olurlar. Ölkədə tibb təhsili alan kifayət qədər kadrlar var. Niyə bölgələrdə həkim çatışmazlığı davam edir?

– Azərbaycanda həkim çatışmazlığı var. Almaniyada da, Səudiyyə Ərəbistanında da bu problem özünü göstərir. Ancaq Azərbaycanda həkim çatışmazlığının subyektiv səbəbləri daha çoxdur. Birincisi, həkimlərin hamısı şəraitinə görə böyük şəhərlərdə işləmək istəyir. Əgər o, gedib rayonda,  ucqar kənddə işləyirsə, onun üçün motivasiya, stimul yoxdur.

Məsələn, daha çox qazanacağı, pulsuz evdə qalacağı, hansısa güzəştlər əldə edəcəyi kimi amillər olmadığına görə də onun nəyinə lazımdır ki, ucqar bir kənddə, şəraitsiz bir yerdə həkimlik etsin. Qazancı yüksək olmayacaq, əziyyəti isə daha çox olacaq.

Ona görə də həkimlər rayon və kənd xəstəxanalarına  getmək istəmirlər. İkincisi, hər bir kəndin və rayonun həkimləri cəlb etməsi üçün öz içərisindən yetişdirdiyi həkim komandası olmalıdır. Əgər bir kənd istəyirsə ki, onun həkimi olsun, öz kəndindən bir həkim yetişdirməlidir.

Çünki başqa bölgələrdən o kəndə həkimin işləməyə gəlməsi üçün ona  stimul verməlisən. Ona görə də bizdə həkim çatışmazlığı var.  Elə rayonlar, kəndlər var ki, orada bir nəfər də həkim yetişməyib.  İndi bu, dövlət siyasətinin bir hissəsinə çevrilib ki,  hər bir kənddə, rayonda daha çox  həkim yetişməsi, eləcə də onların bu peşəyə yönəlməsi üçün şagirdlər arasında təbliğat aparılsın.

Üçüncü səbəb isə odur ki, ölkədə bir səhiyyə qurumu olar. Hazırda Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta və hər qurumun  xəstəxanaları fəaliyyət göstərir. Bu, doğru yanaşma deyil. Azərbaycanda bir səhiyyə qurumu olmalıdır.

Həmin məsələni ən azı 3 dəfə Milli Məclisdə səsləndirmişəm ki, onlar birləşdirilməli, ölkədə bir səhiyyə sistemi, vahid bir komanda olmalıdır.  Səhiyyə qurumları bir-birinə qarşı hərəkət etməməlidirlər.

Bir-birindən üstün görünmək üçün mübarizə aparmamalıdırlar.   Onlar xalqa daha yaxşı xidmət üçün mübarizə aparmalıdırlar. Təəssüf ki, hazırda bu yoxdur.

-Bu gün vətndaşların bir qismi müalicə üçün xarici ölkərin xəstəxanalarına müraciət edirlər  və bunun bir səbəbi kimi də bizim həkimlərin bir çoxunun yetərincə biliyinin olmaması göstərilir. Bu fikirlə razılaşırsınızmı?

-Ümumilikdə bu fikirlə razılaşmıram.  Elə sahələr var ki, Azərbaycanda doğru-düzgün inkişaf etməyib. Laborator analizlərin cavabları ilə bağlı narazılıqlar olur. Yəqin burada müəyyən problemlər var.

Yeni-yeni tibbi avadanlıqların, alətlərin yoxlanılması, onların başa düşülməsi, düzgün diaqnoz qoyulması ilə bağlı problemlər səslənir. Fikrimcə, Azərbaycanda müxtəlif sahələrdə mütəxəssislər var.

Sadəcə olaraq, ölkədə problem ondan ibarətdir ki, həkimlik peşəsi artıq biznesə çevrilib. Yəni artıq  həkim gələn xəstəni pasiyent kimi yox, bir biznes aləti, bir pul mənbəyi kimi görür. Bu gün xəstəxanalar da bu sahəyə biznes modeli kimi yanaşır.

Ona görə də  həkimlər daha çox xəstə qəbul etmək istəyir ki, daha çox pul qazansınlar. Yəni can yandırmırlar. Ciddi araşdırmalar, laborator analizlər  aparmırlar. Sadəcə xəstəxanalarda daha çox pul qazanmaq üçün lazım olmayan laborator analizlər təyin edirlər. Eləcə də lazım olmayan dərmanlar yazırlar, ehtiyac olmayan aparatlara göndərirlər.

Demək olar ki, vətəndaşı bəribaşdan soyurlar. Vətəndaş da məhz buna görə narazı qalır. Azərbaycanda bütün sahələr üzrə yetişmiş həkimlərimiz var. Ancaq müxtəlif sahələrdə hələ təcrübə, yanaşmalar çatışmır və problemlər də bunlardan qaynaqlanır.

Xaricə gedənlərin bir qismi sadəcə prestij üçün gedir, bəziləri oradakı həkimlərə daha çox inanırlar.  Təbii ki, indi Azərbaycan səhiyyəsi ilə Almaniya, İsrail səhiyyəsini bir sıraya qoymaq olmaz.  Çünki onlarda bu sistem daha yüksək inkişaf edib.

Yəqin ki, Azərbaycanda səhiyyənin modeli dəyişməlidir.  Ölkədə həkimlərin və dərmanların reklamı birdəfəlik dayandırılmalıdır. Əgər həkimlərin reklamı dayandırılmasa, səhiyyə inkişaf edə bilməz.

Hər kəs özünü reklam edir və insanlar da gedib onun qapısında növbəyə dayanır ki, filan həkim yaxşıdır. Bir həkim gündə 50-100 xəstə qəbul edərsə, ona necə baxa bilər? 

Özünün köməkçiləri var və xəstəni də onun yanına göndərir ki, get, orda baxsınlar, dərman yazacaqlar. Onun bütün xəstələrə baxmağa vaxtı da yoxdur. Sadəcə xəstələrə biznes modeli, inkubator kimi baxır.  Azərbaycanın ən böyük problemlərindən biri budur.

– Sovet dövründə bölgələrin demək olar ki, hamısında həkim məntəqələri var idi. Hazırda onların bir çoxu fəaliyyətini dayandırıb. Bu problemi aradan qaldırmaq mümkündürmü? 

-Azərbaycanda  bütün qəsəbələrdə, kəndlərdə həkim məntəqələri olub. Onların böyük əksəriyyəti sıradan çıxıb, qapıları bağlanıb və yaxud başqa məqsədlər üçün istifadə edilir. Bu məsələni biz parlamentdə TƏBİB, Səhiyyə Nazirliyi qarşısında dəfələrlə qaldırmışıq.

Onlardan alınan cavab bu olub ki, bununla bağlı bir konsepsiya qəbul olunub və 2030-cu ilə qədər həyata keçirilir. Dövlətin siyasəti bundan ibarət olacaq ki, hər bir kənddə, qəsəbədə bir tibb məntəqəsi olsun.

Tibb məntəqəsini tikmək asandır. Ancaq orada çalışmaq üçün həkim yoxdur. Hətta bildirdilər ki, araşdırma aparılıb və Azərbaycanda ən çox həkimin olduğu rayon Bərdə  müəyyən edilib. Bərdədən başlanılıb ki, bütün kəndlərində tibb məntəqələri qurulsun.

Mənə elə gəlir ki, burada pilot layihəyə də ehtiyac yoxdur. Hər bir kənd və qəsəbədə həkim məntəqəsi tikilə bilər. Köhnə məntəqələr də təmir olunmalıdır. Ən azından iynə vurmaq üçün  hər bir kənddə tibb bacısı, tibb qardaşı var. Eləcə də təqaüdə çıxmış həkimlər var.

Onlar da həmin məntəqələrdə işləyə bilərlər. Yəni tamamilə olmamaqdansa,  həmin şəxslər orada çalışa  bilərlər. Eyni zamanda, hələlik tibb kollecini bitirmiş insanlara həvalə etmək olar ki, insanların təzyiqini ölçsünlər, bir iynə  vursunlar, bir sarğısını bağlasınlar, təcili yardım göstərə bilsinlər. Hər bir kənddə, qəsəbədə bu mümkündür.

Demək ki, sadəcə olaraq həmin məntəqələrin təmir olunması, dövlət siyahısına alınması və ştatların müəyyən olunaraq dövlət büdcəsindən vəsaitin ayrılması vacibdir.  Əgər istəsələr çox tezliklə bunu həyata keçirə bilərlər.

Belə görünür ki, müvafiq qurumlar ya düzgün siyasət apara bilmirlər, ya maliyyə ayrılmır,ya da maraqlarında deyil. Bu da ondan irəli gəlir ki, bir ölkədə 3-4 tibb qurumu olmaz. Vahid bir Səhiyyə Nazirliyi lazımdır ki,  vahid dövlət səhiyyə siyasəti həyata keçirilsin. Biz də bilək ki, kimə müraciət edək,  kimdən tələb edək.

Loading

Visited 11 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Quşların kütləvi ölümü araşdırılır
Next: Cəmil Həsənlinin ölkədən çıxışına qadağa qoyulub

OXŞAR MÖVZULAR

IMG-20260424-WA0016

Sabiq nazir açıq danışdı: “Azərbaycan təkbaşına siyasət yürüdə biləcək qədər böyük deyil”

admin 24 Aprel 2026
IMG_5781

Sabah Bakıda yağış yağacağı ehtimalı var

admin 24 Aprel 2026
F8UTaLrIHzL4CHthgWoDfsZOljoCTMLcBe8dBGIm_1200

FHN Şuşa Hotel-Konqres Mərkəzi Kompleksində təlim keçirib

admin 24 Aprel 2026

XƏBƏR LENTİ

Qazaxıstan Şərq-Qərb marşrutunun inkişafında Azərbaycana arxalanır PSie4IoDPPbOdlJGWzexR8neGfBjcyfEeIS1IbIz_1200

Qazaxıstan Şərq-Qərb marşrutunun inkişafında Azərbaycana arxalanır

24 Aprel 2026
Məxfi məlumatlarla 400 min dollardan çox qazanc əldə edən ABŞ hərbçisinə ittiham irəli sürülüb fxlFyRewGbdWxqy2mbtO1EPbISkwX0WIGIp33V0o_1200

Məxfi məlumatlarla 400 min dollardan çox qazanc əldə edən ABŞ hərbçisinə ittiham irəli sürülüb

24 Aprel 2026
İspaniyanın NATO-dakı üzvlüyü müvəqqəti dayandırıla bilər dwB9nbiBVja2SvEf8rfsiOp9hFFrK3Jmkfkrokp1_1200

İspaniyanın NATO-dakı üzvlüyü müvəqqəti dayandırıla bilər

24 Aprel 2026
Moskvada “Roskomnadzor” rəhbərliyinə qarşı terror aktının qarşısı alınıb S8FeSUIyQr8b18lMwzjRQo2hetn2EZy4mW3H3u1d_1200

Moskvada “Roskomnadzor” rəhbərliyinə qarşı terror aktının qarşısı alınıb

24 Aprel 2026
Britaniya Fransaya təxminən 890 milyon dollar ödəyəcək mp2aG5SKdvQ509NvZh2boDUxajxuSXWxbbLlDwEz_1200

Britaniya Fransaya təxminən 890 milyon dollar ödəyəcək

24 Aprel 2026
Sabiq nazir açıq danışdı: “Azərbaycan təkbaşına siyasət yürüdə biləcək qədər böyük deyil” IMG-20260424-WA0016

Sabiq nazir açıq danışdı: “Azərbaycan təkbaşına siyasət yürüdə biləcək qədər böyük deyil”

24 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.