Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 21
  • Çin qlobal “nüvə masası”nı niyə dağıtdı: ABŞ və Rusiyaya “soyuq müharibə” elan olundu

Çin qlobal “nüvə masası”nı niyə dağıtdı: ABŞ və Rusiyaya “soyuq müharibə” elan olundu

admin 21 Mart 2026 8 minutes read
4697fb72b4c8f9ae52fecc5002b740ba
PAYLAŞIN:

Yaxın gələcəkdə nüvə dövlətləri arasında qarşılıqlı etimadın azalması qaçılmazdır, üstəlik, dünya nəhəngləri arasında geopolitik rəqabətin də açıq müstəviyə keçə biləcəyi qətiyyən istisna deyil… Bu baxımdan, indi tədricən ön plana keçməkdə olan daha etibarlı və effektiv qlobal təhlükəsizlik arxitekturasının formalaşdırılması ilə bağlı problem hələ uzun müddət həll olunmamış qala bilər…

Qlobal strateji nüvə balansının yenidən qurulmasına yönəlik cəhdlər hələlik gözlənilən nəticələrdən çox-çox uzaqdır. Belə ki, Çinin ABŞ və Rusiya ilə nüvə silahlarının azaldılması üzrə üçtərəfli danışıqlarda iştirakdan imtina etməsi beynəlxalq təhlükəsizlik sistemində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Əslində, əsmi Pekinin bu barədə qərarı yalnız siyasi-diplomatik mövqe deyil. Çünki bu, həm də dəyişməkdə olan qlobal güc balansı və nüvə çəkindirmə strategiyaları üzrə böyük dövlətlər arasında artan rəqabətin bariz göstəricisidir.

Onu da qeyd etmək lazımdır, Çinin Xarici İşlər Nazirliyi indiki mərhələdə üçtərəfli formatda danışıqlara qoşulmaq təklifini ölkə üçün ədalətli və məntiqli hesab etmir. Rəsmi Pekin hesab edir ki, ABŞ və Rusiyanın nüvə arsenalı ilə Çinin arsenalı arasında ciddi fərq mövcuddur. Və bu səbəbdən də, rəsmi Pekin digər nüvə ölkələri ilə eyni səviyyədə qlobal təhlükəsizlik məsuliyyətini bölüşmək niyyətində olmadığını qabardır.

Əslində, Çin uzun illərdir ki, “minimum nüvə çəkindirmə” strategiyasına sadiq olduğunu qətiyyən gizlətmir. Rəsmi Pekinin bu strategiyası Çinin yalnız cavab zərbələri üçün kifayət edəcək həcmdə nüvə potensialına malik olmasını nəzərdə tutur. Yəni, rəsmi Pekin bu siyasətin müdafiə xarakterli olduğunu xüsusilə vurğulayır. Və məhz Çini nüvə silahlarının yayılmasının qarşısını alan ən məsuliyyətli qlobal aktor kimi təqdim edir.

375bb886-f4e9-4073-9fb8-06a040ebc7d2.jpg (269 KB)

ABŞ uzun müddətdən bəridir ki, nüvə silahlarına nəzarət rejiminə məhz Çinin də daxil edilməsinə çalışır. Ağ Ev təmsilçiləri rəsmi Pekinin son illərdə nüvə arsenalını sürətlə modernləşdirdiyini və yeni raket sistemlərinə, eləcə də hipersəs texnologiyalarına külli miqdarda investisiya qoyduğunu iddia edir. Və bu isə ABŞ-ın iddiasına görə, strateji silahlara nəzarət üzrə mövcud ikitərəfli mexanizmlərin əhəmiyyətini ciddi şəkildə azaldır.

Ancaq Rusiya isə prinsip etibarilə üçtərəfli format ideyasını birmənalı rədd etməsə də, hər halda, Çinin bundan imtinası Kreml üçün müəyyən strateji üstünlüklər də yaradır. Belə vəziyyət Rusiyanın ABŞ-la ikitərəfli danışıqlarda əsas tərəf statusunu qorumasına geniş imkanlar yaradır. Və eyni zamanda, buna paralel olaraq, Rusiya-Çin yaxınlaşmasını qətiyyən zəiflətmir.

Maraqlıdır ki, Qərb mütəxəssislərinin dəyərləndirmələrinə görə, ABŞ və Rusiya dünyanın ən böyük nüvə arsenalına malik dövlətləridir. Yəni, bu iki ölkə strateji silahlar üzrə hələ də qlobal məkanda tam dominant mövqedə qalırlar. Çin isə öz nüvə arsenalını genişləndirsə də, hələlik bu iki ölkə ilə müqayisədə daha məhdud potensiala sahibdir. Ancaq əsas məsələ yalnız nüvə başlıqları ilə bağlı say fərqi deyil. Çünki burada həm də strateji yerləşdirmə, daşıyıcı vasitələr və erkən xəbərdarlıq sistemləri kimi texnoloji amillər də böyük önəm daşıyır.

Ona görə də, rəsmi Pekinin danışıqlardan imtina qərarı yalnız texniki və statistik arqumentlərlə izah olunmur. Bu addım həm də Çin-ABŞ rəqabətinin dərinləşməsinə paralel olaraq, edilmiş geostrateji manevrdir. Yəni, Çin hesab edir ki, üçtərəfli müqaviləyə imza atacağı təqdirdə, bu, onun nüvə potensialını erkən mərhələdə məhdudlaşdırar. Və eləcə də gələcəkdə ABŞ-la geostrateji paritetə çatmaq imkanlarını ciddi şəkildə azalda bilər.

387d0789-e43f-4740-b724-d2c94f8a9b3d.jpg (252 KB)

Bundan əlavə, rəsmi Pekin həm də qlobal məkanda strateji silahlara nəzarət sisteminin uzun müddətdən bəridir ki, məhz ABŞ və Rusiyanın maraqlarına uyğun şəkildə qurulduğuna əmindir. Ona görə də, rəsmi Pekin belə bir əlverişiz sistemə daxil olmağa qətiyyən həvəs göstərmir. Hətta bunun Çinin milli təhlükəsizlik maraqları ilə kəskin şəkildə ziddiyyət təşkil edə biləcəyini açıq mətnlə vurğulayır.

Belə anlaşılır ki, hazırda qlobal nüvə nizamının transformasiyasına yönəlik kifayət qədər ciddi cəhdlər mövcuddur. Ancaq Çinin üçtərəfli danışıqlar formatından qəti şəkildə imtina etməsi beynəlxalq silahlara nəzarət rejiminin üzləşdiyi böhranı daha da dərinləşdirir. Yəni, “soyuq müharibə” dövründə formalaşdırılmış və əsasən də yalnız iki supergüc arasında balans üzərində qurulmuş nəzarət mexanizmləri çoxqütblü dünyada artıq tədricən öz effektivliyini itirməyə başlayıb.

Göründüyü kimi, hazırda beynəlxalq təhlükəsizlik arxitekturası artıq tədricən dəyişir. Belə ki, bu sistem yeni nüvə güclərinin, regional rəqiblərin və texnoloji yeniliklərin təsiri altında daha mürəkkəb, həm də qeyri-sabit xarakter alır. Və belə şəraitdə köhnə strateji müqavilə modellərinin yenilənməsi, yaxud da tamamilə fərqli mexanizmlərin yaradılması artıq zəruri xarakter daşıyır.

Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, Çinin nüvə siyasəti xüsusilə də Asiya-Sakit okean regionunda təhlükəsizlik balansına birbaşa təsir göstərir. Belə ki, Yaponiya, Cənubi Koreya və Avstraliya kimi ölkələr rəsmi Pekinin hərbi-strateji modernləşməsini xüsusi diqqətlə izləyirlər. Və bu baxımdan, ABŞ-ın regiondakı təhlükəsizlik zəmanətlərinin davamlı xarakter daşımasına daha çox önəm verməyə başlayırlar. Bu isə regionda silahlanma yarışının sürətlənməsi, yeni hərbi ittifaqların və təhlükəsizlik formatlarının formalaşması ilə bağlı riskləri artırır.

607b7a23-bc4d-4b7e-9621-ac57ddf54bd7.jpg (200 KB)

Çinin indiki mövqeyi onu göstərir ki, yaxın gələcəkdə qlobal xarakter daşıyacaq nüvə silahlarına nəzarət üzrə razılaşmaların əldə olunması artıq daha çətin olacaq. Əgər, üç ən böyük nüvə dövləti arasında ortaq platforma formalaşmazsa, mövcud müqavilələrin müddəti bitdikcə, beynəlxalq sistem daha az tənzimlənən və həm də çox riskli qlobal vəziyyət yarana bilər. Və bu baxımdan, yaxın gələcəkdə yalnız yeni texnologiyalar, yaxud müəyyən kateqoriyalı silahlar üzrə razılaşmaların mümkünlüyü daha realistik görünür.

Beləliklə, Çinin üçtərəfli nüvə danışıqlarından imtinası qlobal təhlükəsizlik sistemində struktur dəyişikliklərinin davam etdiyini göstərir. Bu qərar bir tərəfdən, rəsmi Pekinin öz strateji manevr imkanlarını qorumaq istəyi ilə bağlıdlr. Digər tərəfdən isə bu, həm də strateji silahlara nəzarət üzrə beynəlxalq mexanizmlərin artıq əvvəlki kimi effektiv olmadığını təsdiqləyir.

Belə anlaşılır ki, yaxın gələcəkdə nüvə dövlətləri arasında qarşılıqlı etimadın azalması qaçılmaz xarakter daşıyır. Eyni zamanda, buna paralel olaraq, dünya nəhəngləri arasında geopolitik rəqabətin də açıq müstəviyə keçə biləcəyi qətiyyən istisna deyil. Bu baxımdan, indi tədricən ön plana keçməkdə olan daha etibarlı və effektiv qlobal təhlükəsizlik arxitekturasının formalaşdırılması ilə bağlı problem hələ uzun müddət həll olunmamış qala bilər.

Elçin XALİDBƏYLİ
Siyasi ekspert

Loading

Visited 12 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Moskvaya dron hücumu davam edir: vurulmuş PUA-ların sayı 30-u keçib
Next: Onlar İranı xilas edə bilərdilər…

OXŞAR MÖVZULAR

IMG-20260424-WA0016

Sabiq nazir açıq danışdı: “Azərbaycan təkbaşına siyasət yürüdə biləcək qədər böyük deyil”

admin 24 Aprel 2026
zIXo6wU0HfMh2TOjhxwoAD8zNnEKdSiMgjcn58mM_1200

Kamran Əliyev İran səfiri ilə regional hadisələri və ikitərəfli əlaqələri müzakirə edib

admin 24 Aprel 2026
F8UTaLrIHzL4CHthgWoDfsZOljoCTMLcBe8dBGIm_1200

FHN Şuşa Hotel-Konqres Mərkəzi Kompleksində təlim keçirib

admin 24 Aprel 2026

XƏBƏR LENTİ

Məxfi məlumatlarla 400 min dollardan çox qazanc əldə edən ABŞ hərbçisinə ittiham irəli sürülüb fxlFyRewGbdWxqy2mbtO1EPbISkwX0WIGIp33V0o_1200

Məxfi məlumatlarla 400 min dollardan çox qazanc əldə edən ABŞ hərbçisinə ittiham irəli sürülüb

24 Aprel 2026
İspaniyanın NATO-dakı üzvlüyü müvəqqəti dayandırıla bilər dwB9nbiBVja2SvEf8rfsiOp9hFFrK3Jmkfkrokp1_1200

İspaniyanın NATO-dakı üzvlüyü müvəqqəti dayandırıla bilər

24 Aprel 2026
Moskvada “Roskomnadzor” rəhbərliyinə qarşı terror aktının qarşısı alınıb S8FeSUIyQr8b18lMwzjRQo2hetn2EZy4mW3H3u1d_1200

Moskvada “Roskomnadzor” rəhbərliyinə qarşı terror aktının qarşısı alınıb

24 Aprel 2026
Britaniya Fransaya təxminən 890 milyon dollar ödəyəcək mp2aG5SKdvQ509NvZh2boDUxajxuSXWxbbLlDwEz_1200

Britaniya Fransaya təxminən 890 milyon dollar ödəyəcək

24 Aprel 2026
Sabiq nazir açıq danışdı: “Azərbaycan təkbaşına siyasət yürüdə biləcək qədər böyük deyil” IMG-20260424-WA0016

Sabiq nazir açıq danışdı: “Azərbaycan təkbaşına siyasət yürüdə biləcək qədər böyük deyil”

24 Aprel 2026
Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb 7UbeihsOD7Zu9dbczn4q648QP7FYQhEenSuA1ans_1200

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb

24 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.