Cənubi Qafqaz regionu son illərdə mühüm siyasi və iqtisadi dəyişikliklərin yaşandığı strateji məkanlardan birinə çevrilib. Xüsusilə regionda nəqliyyat və kommunikasiya xətlərinin açılması məsələsi beynəlxalq gündəmin əsas mövzularından biri kimi diqqət çəkir. Bu kontekstdə Zəngəzur dəhlizi layihəsi region dövlətləri arasında əməkdaşlığın genişlənməsi və yeni iqtisadi imkanların yaranması baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycan uzun müddətdir ki, regionda bütün nəqliyyat və kommunikasiya əlaqələrinin bərpasını, həmçinin qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasını dəstəkləyir. Bu təşəbbüs təkcə iqtisadi inkişaf baxımından deyil, eyni zamanda regional sabitliyin möhkəmlənməsi baxımından da mühüm addım kimi qiymətləndirilir. Digər tərəfdən, Ermənistanın bu prosesə münasibəti və mövqeyi hələ də müzakirə mövzusu olaraq qalır.
Maraqlıdır, Cənubi Qafqazda kommunikasiya xətlərinin açılması region dövlətləri üçün yeni əməkdaşlıq imkanları yaradacaqmı və Zəngəzur dəhlizi bu prosesdə hansı strateji rolu oynaya bilər?
Azərbaycanın sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov “Paraqraf.com”a bildirib ki, kommunikasiyaların bir qisminin bağlanması münaqişənin nəticəsidir:

“Ermənistan-Azərbaycan münaqişəsini başladan məhz Ermənistan idi. Bu baxımdan, münaqişə nəticəsində yaranan vəziyyət Ermənistanın siyasətinin nəticəsi kimi qiymətləndirilə bilər. Post-konflikt dövründə əsas məsələlərdən biri kommunikasiyaların bərpası və onların iqtisadi inkişaf üçün istifadə olunmasıdır. Bu baxımdan, bu, təbii proses hesab olunur. Normal iqtisadi əlaqələrin bərpası üçün əsas şərtlərdən biri də məhz kommunikasiya xətlərinin açılmasıdır. Azərbaycan bu məsələyə ardıcıl şəkildə diqqət yetirir və post-konflikt təşəbbüslərində xüsusi siyasi iradə nümayiş etdirir”.
Sabiq nazir əlavə edib ki, 2020-ci ildə baş vermiş hərbi əməliyyatların nəticəsində əldə olunan sənədlərdə Zəngəzur dəhlizinin bərpası Ermənistan qarşısında şərt kimi irəli sürülüb:
“Bu məsələdə Rusiya tərəfi vasitəçi kimi dəstək verib. Lakin ötən beş il ərzində bu istiqamətdə ciddi irəliləyiş əldə olunmayıb. Azərbaycanın kommunikasiya mövzusunda mövqeyi aydın şəkildə ifadə olunub. İlk növbədə Zəngəzur dəhlizinin, yəni Azərbaycanın iki hissəsi arasında təhlükəsiz nəqliyyat əlaqəsini təmin edən yolların bərpası vacib hesab olunur. Bundan sonra digər kommunikasiya xətlərinin açılması mümkün ola bilər. Bu istiqamətdə ardıcıl addımlar atılır”.
Diplomatın sözlərinə görə, Azərbaycan trans-regional kommunikasiya layihələrinin formalaşmasına da fəal dəstək verir:
“Orta dəhliz adlandırılan kommunikasiya xəttinin yaradılması və bu layihədə Türk Dövlətləri Təşkilatının fəal iştirakı Azərbaycanın həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biridir. Bu baxımdan, kommunikasiya xətlərinin bərpası iqtisadi inkişafı təmin edən mühüm şərt kimi qiymətləndirilir və Azərbaycan bu təşəbbüslərə aktiv şəkildə dəstək verir. Keçən il bu layihələrə böyük dünya oyunçuları da cəlb olunub”.
Diplomat həmçinin qeyd edib ki, Vaşinqtonda Azərbaycan və Ermənistan rəhbərləri ABŞ prezidentinin iştirakı ilə mühüm bir sənədə imza atıblar:
“Bu sənədin nəticəsi olaraq ‘Tripp’ adlanan layihənin icrasına başlanılıb. Müxtəlif qüvvələrin bu layihəyə qarşı çıxmasına baxmayaraq, onun həyata keçirilməsi planlaşdırılan vaxt çərçivəsində baş tutacaq”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
