Ötən il ölkədə işsizlərin sayı 279,1 min nəfər olub.
Bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb. 2026-cı il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5384,3 min nəfər olub.
Onlardan 5105,2 min nəfərini məşğul əhali təşkil edib.
Parlamentin bugünkü iclasında deputat Elçin Mirzəbəyli hökumətin ötən ilin yekunları ilə bağlı hesabatına münasibət bildirərkən işsizliklə bağlı məqama da toxunub:
“Çox yaxşı olardı ki, özünəməşğulluq proqramlarının icrası prosesində müvafiq sahələr üzrə ayrı-ayrı dövlət qurumları, iri kənd təsərrüfatı subyektləri, banklar və digər təsisatlar da koordinasiyalı şəkildə hərəkət etsinlər, proqrama cəlb edilən, təsərrüfatlarını, iş yerlərini inkişaf etdirməyə çalışan vətəndaşlara yeni iş yerləri yaratmaları üçün dəstək versinlər”.
Qeyd edək ki, bəzən işsizlərin sayı ilə bağlı statistikanın reallığı əks etdirmədiyi barədə fikirlər də səslənir. İşsizlərin sayı nəyə əsasən hesablanır və realdırmı?
İqtisadçı Elçin Rəşidov “Paraqraf.com”a bildirib ki, bu hesablamanın içində manipulasiya var:

“Çünki insan statistikaya əsasən işsiz sayılmır. Realda isə iş yoxdur. Statistika süni şəkildədir. Yəni insan işsiz sayılmaması üçün onun işlədiyi sahədə minimal yaşayışını təmin edə biləcək gəliri olmalıdr. İnsan ola bilər ki, başqa ailə üzvlərinin gəlirindən asılı vəziyyətdədir. Bu halda, şəxs işsizdir. Ölkədə istər ifedensiya, istər işsizlik sayları düzgün hesablanmır”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
