Son illərdə Azərbaycanda, xüsusilə paytaxt Bakı şəhərində tikinti sektoru sürətlə inkişaf edir. Yeni yaşayış kompleksləri və hündürmərtəbəli binalar şəhərin simasını dəyişir. Lakin bu tikinti bumu ilə yanaşı, şəhər planlaması, infrastrukturun yüklənməsi və yaşıllıq sahələrinin azalması kimi məsələlər də tez-tez müzakirə olunur.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (TDQBŞ) prezidenti Vüqar Oruc “Paraqraf.com”a bildirib ki, tikinti sektorunun sürətli inkişafı ölkədə iqtisadi aktivliyi yaradan və şəhərsalma prosesini gücləndirən bir amildir:

“Bu, təqdirəlayiqdir. Birinci, tikinti sektorunun inkişafı insanların mənzil əlçatanlığının təmin olunması istiqamətində mühüm bir addımdır. Eyni zamanda, yeni iş yerlərinin yaradılması, məşğulluq probleminin həll olunması və şəhərin mənzərəsinin daha da yaxşılaşdırılması istiqamətində atılmış addımdır. Amma bu tikinti prosesi ilə bərabər, eyni zamanda infrastruktur yenilənmələri də həyata keçirilməlidir. İnkişafın uzunmüddətli və dayanıqlı olması üçün həm infrastruktur imkanları, həm də ekoloji balans burada mütləq nəzərə alınmalıdır. İlk növbədə bütün tikinti işlərinin şəhərsalma planlarına uyğun şəkildə həyata keçirilməsi vacibdir.
Bakı şəhəri baş planı 2040-cı il layihəsində göstərildiyi kimi, təkcə tikinti sahələri yox, o cümlədən: park sahələri, rekreasiya zonaları və digər infrastruktur özəllikləri mütləq binaların tikintisində nəzərə alınmalıdır.
“15 dəqiqəlik şəhər” layihəsi də mövcuddur. Yəni bina tikilirsə, orada yaşayanların 15 dəqiqə ərzində bütün infrastruktur növlərinə – təhsil müəssisələri, uşaq bağçaları, tibb müəssisələri, ictimai xidmət obyektləri, ictimai iaşə və ticarət obyektləri – əlçatanlığı təmin olunmalıdır. Bu, şəhərin müasir standartlara uyğun planlaşdırılmasını təmin edir”.
O əlavə edib ki, yaşanan tikinti bumu elə xaotik inkişaf yarada bilər ki, son nəticədə şəhərdə həm tıxaclar, həm hərəkət maneələri yarana bilər:
“Bu da əlavə problemlərin meydana gəlməsinə səbəb olar. Ümumiyyətlə, tikintinin bir müsbət cəhəti var ki, ölkənin, xüsusilə də Bakı şəhərinin mənzil fondu yenilənir. Yəni istismara bitmiş, istismar müddəti bitmiş və ya qəzalı binalar sıradan çıxarılır. Yeni müasir standartlara uyğun və müasir davamlı tikinti materiallarından inşa edilmiş, həm də müasir dövrün tələb etdiyi normativlərə uyğun şəkildə tikilmiş binalar vahid idarə olunan plan şəklində inşa edilməlidir.
Burada həm əhalinin artım statistikası nəzərə alınmalıdır, həm də urbanizasiya rəqəmləri və tələb olunan illik mənzil sayı müəyyən olunmalıdır. Əks təqdirdə, böyük problemlər yarana bilər. Məsələn, Baş şəhərin 2040-cı ilə qədər layihəsində göstərildiyi kimi, Bakıda həmin dövrə qədər 3.8 milyon əhali yaşayacaqsa, faktiki olaraq bu 4.5-5 milyon civarında olacaq, o zaman şəhərdə tıxaclar və yaşayış problemləri meydana gələ bilər. Şəhərin infrastrukturu – su ehtiyatları, yaşayış məkanları – neçə milyon insan üçün nəzərdə tutulub, bunlar hamısı hesablanmalıdır”.
Vüqar Oruc qeyd edib ki, şəhərin yenilənməsi üçün ildə təxminən 21,000 yeni mənzilə ehtiyac yaranır:
“2040-cı ildə isə bu say 26,000-27,000 civarında olacaq ki, bu da mənzil çatışmazlığı yarada bilər. Bu həm qiymətlərin artımına, həm də arzuolunmayan sıxlıq yarada bilər. Bu baxımdan, şəhərsalma prinsiplərinə uyğun olaraq şəhərin getdikcə ucqarlara doğru böyüməsi də təmin olunmalıdır. ‘15 dəqiqəlik şəhər’ modeli infrastrukturun həmin sahədə inkişafını təmin etməklə əhalinin mərkəzə meyllənməsinin qarşısını ala bilər. İnsanlar çox vaxt ucqarlardan ona görə uzaqlaşır ki, orada infrastruktur inkişaf etməyib. Amma tikinti layihələri hərtərəfli təminat mexanizmi ilə təşkil olunsa, insanların mərkəzə doğru yönəlməsinin qarşısı alına bilər”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
