Sosial şəbəkələrin sürətli inkişafı informasiya yayımında yeni bir mərhələ yaradıb. Bu gün bir çox bloger müxtəlif mövzularda paylaşımlar edərək geniş auditoriyaya təsir göstərir və bəzən gündəmi müəyyənləşdirə bilir. Bu isə ənənəvi medianın rolu ilə bağlı müzakirələri daha da artırır. Bəzi mütəxəssislər blogerlərin informasiyanın yayılmasında mühüm rol oynadığını desə də, digərləri jurnalistikanın peşəkar prinsiplərinin hələ də əvəzolunmaz olduğunu bildirir.
Media eksperti Hacıbəy Heydərli “Paraqraf.com”a bildirib ki, blogerlər heç vaxt jurnalistləri əvəz edə bilməz:

“Çünki jurnalistika möhkəm kökləri və prinsipləri olan peşədir. Jurnalistika dünyanın hər yerində obyektiv və qərəzsiz məlumatlar çatdıran sahədir. Lakin blogerlik daha çox insanın öz şəxsi fikirləri olur. Bu baxımdan, blogerlik daha çox jurnalistikada olan köşə yazarları bölməsini əvəz edir. Amma jurnalistikanın müxtəlif sahələri var. Xüsusilə xəbər jurnalistikası dünyada ən aktualdır. Sosial şəbəkələrin inkişafı ilə blogerlərin daha geniş auditoriyası ola bilər. Media subyektləri və jurnalistlər sosial şəbəkələrdə aktiv olmalıdırlar. Jurnalistlər hər hansı blogerin yaydığı saxta məlumatın qarşısını almalıdır. Belə vəziyyətdə cəmiyyətin jurnalistlərə inamı artar”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
