İranın Naxçıvana endirdiyi zərbə regionda onsuz da gərgin olan geosiyasi vəziyyətin nə qədər təhlükəli mərhələyə keçdiyini açıq şəkildə göstərdi.
Bu hadisə təkcə hərbi və siyasi baxımdan deyil, həm də mənəvi baxımdan ciddi suallar doğurur. Çünki zərbənin düşdüyü ərazilərdən birinin məktəb yaxınlığı olması, hadisənin dərs saatlarına təsadüf etməsi məsələyə artıq başqa prizma ilə baxmağı tələb edir. Uşaqların məktəbdə olduğu vaxtda tədris müəssisəsinin yaxınlığının vurulması İranın illərdir yaratmağa çalışdığı “ədalət və müqavimət” imicini bir anda darmadağın edir və molla rejiminin əsl simasını ortaya qoyur.
Əslində Tehran bu addımla yalnız Azərbaycanın suverenliyini pozmadı. O həm də mülki infrastruktura qarşı təhlükəli presedent yaratdı. Müharibə şəraitində belə, beynəlxalq humanitar hüquq mülki obyektlərin, xüsusilə də məktəblərin, xəstəxanaların və uşaqların olduğu məkanların hədəfə alınmasını qəti şəkildə qadağan edir. Naxçıvanda baş verən hadisə isə göstərir ki, İranın hərbi-strateji davranışında bu prinsiplər ya nəzərə alınmır, ya da bilərəkdən gözardı edilir. Bu isə Tehran rejiminin ideoloji ritorikası ilə real davranışı arasında ciddi uçurum olduğunu göstərir. İranın bu addımı daha bir ciddi paradoksu ortaya çıxarır.
Tehran illərdir region ölkələrini “Qərbin hərbi mövcudluğuna xidmət etməkdə” ittiham edir və bu mövzunu öz təbliğatının əsas sütunlarından birinə çevirib. Halbuki faktlar tamam başqa mənzərə göstərir. ABŞ və Avropa İttifaqının hərbi və müşahidə missiyaları məhz Ermənistanda yerləşir. Buna baxmayaraq, İran bu strukturların yerləşdiyi ölkəyə qarşı heç bir sərt addım atmır, əksinə, zərbələr Azərbaycanın mülki obyektlərinə yönəlir. Bu isə Tehran siyasətinin hansı məntiqlə formalaşdığı barədə ciddi suallar doğurur. Başqa sözlə, İran Qərb hərbi strukturlarının real yerləşdiyi məkanlara deyil, regional balansın mühüm oyunçularından olan Azərbaycana qarşı aqressiv davranış sərgiləyir. Bu isə artıq sırf təhlükəsizlik məsələsi deyil, siyasi motivlərin də açıq göstəricisidir. Azərbaycanın müstəqil xarici siyasəti, xüsusilə Türkiyə ilə müttəfiqliyi və İsraillə strateji əməkdaşlığı Tehran tərəfindən uzun illərdir narahatlıqla qarşılanır.
Naxçıvana endirilən zərbə də bu narahatlığın hərbi təzyiq formasında ifadəsi kimi qiymətləndirilə bilər. Lakin Tehran burada ciddi strateji səhv edir. Azərbaycan artıq regional siyasətdə təsir gücünə malik dövlətdir və onun təhlükəsizlik sistemi təkcə daxili resurslara deyil, həm də güclü tərəfdaşlıqlara söykənir. Naxçıvan isə xüsusi geosiyasi əhəmiyyətə malik ərazidir. Bu bölgə Azərbaycanla Türkiyə arasında strateji körpü rolunu oynayır və burada baş verən hər hansı insident avtomatik olaraq daha geniş regional reaksiyalara səbəb ola bilər. İranın bu addımı həm də onun regionda formalaşdırmaq istədiyi “mənəvi liderlik” iddialarını sarsıdır. Çünki məktəblərin, mülki obyektlərin və dinc insanların təhlükəyə atıldığı bir hücumun heç bir siyasi və ya ideoloji izahı ola bilməz. Bu cür hadisələr beynəlxalq ictimaiyyətin gözündə İranın imicinə ciddi zərbə vurur və molla rejiminin illərdir qurmağa çalışdığı siyasi narrativi zəiflədir. Nəticə etibarilə, Naxçıvana endirilən zərbə təkcə hərbi insident kimi qiymətləndirilməməlidir.
Bu hadisə İranın region siyasətindəki ziddiyyətləri, onun real prioritetlərini və geosiyasi davranış modelini açıq şəkildə nümayiş etdirir. Uşaqların məktəbdə olduğu vaxtda tədris müəssisəsinin yaxınlığının vurulması isə artıq siyasi polemika mövzusu deyil. Bu, bir rejimin mahiyyətini göstərən simvolik hadisədir. Belə addımlar göstərir ki, Tehran regionda təhlükəsizlik arxitekturasını qorumaqdan daha çox, siyasi mesajlar verməyə çalışır. Lakin bu mesajların ünvanı və forması nə qədər aqressiv olsa da, nəticədə İranın özünün beynəlxalq mövqeyini zəiflətməkdən başqa ciddi strateji qazanc gətirmir. Azərbaycanın mövqeyi isə aydındır: ölkə heç bir regional müharibənin tərəfi deyil, lakin onun ərazisinə və vətəndaşlarına qarşı istənilən təhlükə ciddi siyasi və hüquqi reaksiya doğuracaq.
Firuzə Əliyeva
![]()
