Son illərdə sosial şəbəkələr ailə həyatının ayrılmaz hissəsinə çevrilib. Xüsusilə blogerlərin “ideal münasibət” paylaşımları insanların düşüncəsinə təsir edir. Ailələr blogerlərin paylaşdıqları videoların təsirinə düşür. Nəticədə isə ailələr boşanırlar.
Psixoloq Dilbər Bəhmənli “Paraqraf.com”a bildirib ki, sosial şəbəkələr müasir dövrdə insanların düşüncə tərzinə, dəyərlər sisteminə və münasibətlərə dair gözləntilərinə təsir edən mühüm sosial-psixoloji faktorlardan birinə çevrilib:

“Xüsusilə blogerlərin və influencerlərin paylaşdıqları “ideal münasibət” obrazları sosial müqayisə mexanizmini aktivləşdirə bilir. Psixologiyada bu proses sosial müqayisə fenomeni kimi izah olunur və insanlar öz həyatlarını başqalarının təqdim etdiyi modellərlə müqayisə etməyə başlayırlar. Sosial mediada təqdim olunan münasibət modelləri isə əksər hallarda selektiv və estetik şəkildə təqdim olunan, yəni reallığın yalnız müsbət tərəflərini əks etdirən və ya bəzən reallığın tamamilə əksinə olan görüntülərdir. Bu vəziyyət bəzi insanlarda münasibətlərə dair qeyri-real gözləntilərin formalaşmasına, öz ailə həyatlarını həmin ideallaşdırılmış modellərlə müqayisə etməyə və nəticədə emosional cəhətdən narazılıq hissinin yaranmasına səbəb ola bilər”.
Psixoloq qeyd edib ki, ailə münasibətlərində baş verən problemləri və boşanmaları yalnız blogerlərin və ya sosial şəbəkələrin təsiri ilə izah etmək elmi baxımdan doğru olmaz:
“Ailə münasibətlərinin pozulması çoxfaktorlu bir prosesdir və ailə münasibətlərinin dağılması adətən daha dərin psixoloji və sosial səbəblərlə bağlıdır. Məsələn, münasibətlərdə davamlı konfliktlərin olması və tərəflərin hər zaman haqlı çıxmağa çalışması, verilən vədlərin tutulmaması, emosional və fiziki yaxınlığın azalması, ünsiyyət problemləri və qarşılıqlı anlaşmanın olmaması boşanmaya aparan əsas amillərdəndir. Bununla yanaşı, sədaqətsizlik, məişət zorakılığı, müxtəlif asılılıqlar (alkoqol, narkotik, qumar və s.), tərəflərdən birinin ailənin məsuliyyətini üzərinə götürməməsi, erkən yaşda evlilik və ya ortaq maraqların olmaması kimi faktorlar da ailə münasibətlərinin zəifləməsinə səbəb ola bilər. Digər bir mühüm məsələ isə ailələrə kənar müdaxilələrin olması və cəmiyyətdə mövcud olan stereotiplərdir. Bəzən ailə üzvlərinin və ya sosial mühitin təzyiqi münasibətlərdə gərginlik yaradır və bu da boşanma riskini artırır. Sosial şəbəkələr bu prosesdə əsas səbəb deyil, daha çox mövcud narazılıqları gücləndirən və ya insanların münasibətlərə dair gözləntilərini dəyişdirən əlavə sosial faktor kimi çıxış edə bilər”.
O əlavə edib ki, məsələyə daha geniş sosial-psixoloji kontekstdə yanaşmaq lazımdır:
“Sağlam ailə münasibətləri üçün əsas faktor sosial mediada təqdim olunan ideallaşdırılmış obrazlarla real həyatın fərqliliyini dərk etmək, münasibətlərdə açıq ünsiyyət, emosional yaxınlıq və qarşılıqlı məsuliyyət hissini qorumaqdır. Belə olduqda sosial şəbəkələrin təsiri daha balanslı qəbul edilir və ailə münasibətlərinin keyfiyyətinə destruktiv, yəni dağıdıcı təsir göstərmə ehtimalı azalır. Ümumilikdə isə ailə münasibətlərinin davamlılığı yalnız romantik hisslərlə deyil, həm də psixoloji yetkinlik, məsuliyyət və qarşılıqlı anlayışla bağlıdır. Buna görə də insanlar sosial mediada gördükləri ideallaşdırılmış münasibət modellərindən daha çox öz münasibətlərindəki real tələbatlara və özlərinin psixoloji sağlamlığına diqqət yetirməlidirlər”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
