Son dövrlər regionlarda internet provayderlərinin fəaliyyəti ilə bağlı narazılıqların artdığı müşahidə olunur. Xüsusilə yaşlı və məlumatlandırma imkanları məhdud olan sakinlərin tarif və müqavilə şərtləri barədə tam məlumat almadan qərar verməyə yönləndirilməsi ciddi suallar doğurur.
Paraqraf.com xəbər verir ki, vəkil Mədinə Leqayeva sosial şəbəkə hesabında CityNet şirkətinin fəaliyyəti ilə bağlı narahatlıq doğuran paylaşım edib.
Vəkilin bildirdiyinə görə, Aztelekom tərəfindən internet xidməti göstərilən Balakən rayonunun Xalatala kəndi sakinləri alternativ provayderə keçidlə bağlı natamam və ya yanlış məlumatlandırılıb. Onun sözlərinə görə, valideynləri də həmin kənddə yaşayır. Uzunmüddətli müraciətlərdən sonra kəndə internet xətti çəkilib və xidmət aylıq 25 manat abunə haqqı ilə təqdim olunub.
Leqayevanın iddiasına əsasən, ötən ilin avqust–sentyabr aylarında CityNet əməkdaşları kəndə gələrək əsasən yaşlı sakinlərə 25 manatlıq mövcud xidmətin əvəzində 15 manata daha sərfəli və daha sürətli internet təklif ediblər. Bildirilib ki, aylıq 10 manat qənaət ediləcək və qiymət dəyişməyəcək.
“Pensiya ilə dolanan insanlar üçün bu cür təklifin cəlbedici olması təbiidir. Qiymətin sonradan artırılıb-artırılmayacağı ilə bağlı sual verildikdə isə əməkdaşlar bunun baş verməyəcəyini deyiblər. Müqavilə şərtləri barədə aydın və ətraflı izahat verilməyib”, – deyə vəkil qeyd edib.
Lakin 28 fevral 2026-cı il tarixində sakinlərə göndərilən bildirişdə mart ayından etibarən aylıq ödənişin 25 manat olacağı bildirilib. Şirkətlə əlaqə saxlanıldıqda isə 15 manatlıq tarifin kampaniya xarakterli olduğu və müddətinin başa çatdığı açıqlanıb.
Vəkil məsələni prinsipial məqam kimi dəyərləndirib:
“Burada söhbət 15 və ya 25 manat fərqindən getmir. Məsələ – istehlakçıların, xüsusilə yaşlı insanların, tam və dürüst məlumatlandırılmadan qərar verməyə yönləndirilməsidir. Əgər vətəndaşa yalnız 15 manatlıq tarif təqdim edildiyi bildirilir, lakin qısa müddət sonra yenidən 25 manata qayıdılacağı açıq şəkildə izah olunmursa, bu halda həmin qərarın məlumatlı və azad iradəyə əsaslandığını necə demək olar?”
Leqayeva qeyd edib ki, provayderin dəyişdirilməsi mümkündür və bu addım atılacaq. Bununla belə, əsas məsələ şirkət nümayəndələrinin istehlakçı etibarından istifadə etməsi ilə bağlı iddiaların hüquqi qiymətləndirilməsi, eləcə də mümkün kompensasiya mexanizmlərinin mövcudluğudur.
Vəkil şirkətdən ictimaiyyət qarşısında konkret və əsaslandırılmış rəsmi açıqlama tələb edib.
Həsən
Paraqraf.com
![]()
