Regionda baş verən son siyasi hadisələr fonunda səslənən bu fikir ictimai müzakirələri daha da alovlandırıb.
Paraqraf.com xəbər verir ki, təhsil eksperti Əmrah Həsənli sosial şəbəkə hesabında paylaşdığı sərt açıqlama ilə gündəm yaradıb.
O, illərdir “Zəngəzur dəhlizi bizim qırmızı xəttimizdir” mövqeyi ilə çıxış edən və Azərbaycana qarşı sərt ritorika nümayiş etdirən siyasi xəttin artıq tarixə qovuşduğunu bildirib.
Ekspert paylaşımında qeyd edib ki, “illərlə Türkün yolunu kəsməyə çalışan, Ermənistana qahmar çıxan inadkar zehniyyət nəhayət tarixin tozlu rəflərinə gömüldü”. Onun sözlərinə görə, bu hadisə təkcə bir liderin siyasi səhnədən getməsi deyil, həm də Azərbaycanın haqq işinə qarşı çəkilən süni sərhədlərin və qərəzli qadağaların sonu kimi qiymətləndirilməlidir.
Əmrah Həsənli vurğulayıb ki, “heç kim əbədi deyil, amma xalqın iradəsi və açılan tarixi yollar hər kəsdən daha güclüdür”.
O əlavə edib ki, vaxtilə “qırmızı xətt” adlandırılan məsələlər bu gün artıq siyasi reallıq qarşısında əhəmiyyətini itirib və regionda yeni mərhələ başlayır.
Ekspertin bu açıqlaması sosial mediada geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər onun fikirlərini dəstəkləyərək regionda yeni geosiyasi reallıqların formalaşdığını bildiriblər, digərləri isə bu mövqeni emosional və kəskin hesab ediblər.
Həsən
Paraqraf.com
![]()
